Bakıda bankların iş saatı artırıldı

Bakıda bankların iş saatı artırıldı

10 İyun 2016 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə "2016 Formula 1 Avropa Qran Prisi" ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palatadan verilən məlumata görə, yarışlar zamanı paytaxtımıza əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsinin zəruri olduğu qeyd olunub. R.Aslanlı şəhərin mərkəzi hissəsində, xüsusilə trek boyu ərazilərdə və istirahət məkanlarında valyuta dəyişmə xidmətlərinin qeyri-iş günlərində və daha uzun saatlar üzrə təşkil edilməli olduğunu bildirib.

Sədr müvafiq istiqamətdə banklar ilə fəaliyyətin əlaqələndirilməsi, monitorinqlərin təşkili və çevik müdaxilə tədbirləri barədə konkret tapşırıqlar verib.

Azərbaycanda ilk dəfə keçiriləcək dünyaca məhşur "Formula 1" yarışlarını izləmək üçün Bakıya gələcək minlərlə əcnəbi qonaqların və şəhərimizin sakinlərinin bank, xüsusən də valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 34 bankın 90 filial və şöbəsi 10-21 iyun tarixlərində səhər saat 9:00-dan axşam 21:00-dək fəaliyyət göstərəcək.

Bundan əlavə qeyd edək ki, "Bank Respublika"nın Neftçilər pr, 67 ünvanında yerləşən "Ofis 24" filialı və "DəmirBank"ın Nizami küçəsi 111-də yerləşən "Mərkəz" filialı xarici turistlərin və ölkə vətəndaşlarının istifadəsi üçün şənbə və bazar günləri daxil olmaqla həftə boyu 24 saat fəaliyyət göstərir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının prezidentinin 03 fevral 2016-cı il tarixli fərmanı ilə yaradılıb. (azvision)

Mediainfo.az