Natiq Cəfərli: “Bütün bunlar onu göstərir ki, proses bir müddət davam edə bilər”

Natiq Cəfərli: “Bütün bunlar onu göstərir ki, proses bir müddət davam edə bilər”

9 İyun 2016 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda son üç gündə dolların bahalaşması baş verir. Bu gün üçün 1 ABŞ dolları 1,5084 manat səviyyəsində müəyyənləşib. Ötən həftələrdə isə manatın dollara qarşı bir qədər möhkəmlənməsi prosesi baş verirdi. Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmağa doğru gedir. Hazırda qara qızılın bir barrelinin qiyməti 52 dolları keçməkdədir. Bəs belə olan halda, Azərbaycanda dolların manata qarşı bahalaşmasının səbəbi nədir?

"Qafqazinfo" bu sualla iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında həmişə çox qəribə hadisələr baş verir: "Neftin qiymətində son 10 gündə bahalaşma baş verir. Bu da xammal satan ölkələrin milli valyutalarında ciddi möhkəmlənə prosesinə gətirib çıxarır. Dollara qarşı rus rublu da, Qazaxıstan təngəsi də möhkəmlənir. Məsələn, rus rublu 1.68 səviyyəsindən 1.63 səviyyəsinə endi. Deməli, orada bazar qaydaları işləyir. Azərbaycanda isə tərsinə olan proses baş verir. Bu da onu göstərir ki, ölkəmizdə məzənnə bazar iqtisadiyyatı qanunları ilə deyil, inzibati qaydalarla təyin olunur. Belə ki, son 3 gündə manat iki faizə qədər dəyər itirib. Yenidən məzənnə 1,51 səviyyəsinə qalxıb".

Ekspert bildirib ki, Dövlət Neft Fondunun həftəlik bazara çıxartdığı 100 milyon dollar vəsait isə banklar tərəfindən alınır:

"Belə təəssürat yaranıb ki, sanki 50 milyon dollar vəsait çatışmır. Hətta Neft Fondu bazara 70-80 milyon dollar vəsait çıxartsa belə, banklar tərəfindən bu vəsait alınacaq. Bütün bunlar onu göstərir ki, proses bir müddət davam edə bilər. Baxmayaraq ki dünya bazarlarında neftin qiyməti 51-52 dollar civarında olub. Azərbaycan iqtisadiyyatının özünün "məntiqi" var və bu məntiqi başa düşmək çox çətindir. Bunu nəzərə alaraq düşünürəm ki, bir müddət yenə dolların bahalaşmasına və ikinci devalvasiya həddinə çatdırılmasına şahid olacağıq.

Həm də nəzərə alaq ki, bu ayın 14-də Federal Rezerv Sisteminin növbəti toplantısı olacaq. Əgər iclasda faiz dərəcələrinin artırılması ilə bağlı qərar verilərsə, bu dünyada dolların bahalaşmasına səbəb olacaq. Yəqin ki, bunun təsirləri Azərbaycanda da hiss olunacaq".

Mediainfo.az