Nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər təqdim edib

Nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər təqdim edib

8 İyun 2016 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər və Ağcabədi rayonlarının hər birində 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,

evlərin istifadəyə verilməsi tədbirlərində nazirliyin, müvafiq rayonların İcra Hakimiyyətlərinin rəsmiləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirlərdə müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işlərinin uğurla davam etdirildiyi, respublikamızın bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir.

Cari ilin ötən dövründə Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Biləsuvar, Sabirabad, İmişli, Füzuli, Oğuz, Şəki, Beyləqan və digər rayonlarda fərdi yaşayış evləri, Beyləqan rayonunda çoxmənzilli yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər həmin insanlara təqdim edilib. Ümumilikdə cari ildə artıq 180 nəfər Qarabağ müharibəsi əlilinin və şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.

Cəbhəyanı rayonlarda da müvafiq şəxslər üçün mənzil tikintisi uğurla həyata keçirilir. Bu işlərin davamı kimi, ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası, Ağcabədi rayonunda 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda isə bu rayonların hər birində daha 4 ədəd fərdi yaşayış evi həmin insanlara təqdim olunur.

İstifadəyə verilən 8 ədəd fərdi yaşayış evindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 6 ədədi isə şəhid ailələrinə təqdim olunub.

Mediainfo.az