Qalib müəllimlər mükafatlandırılıb

Qalib müəllimlər mükafatlandırılıb

7 Aprel 2016 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Təhsil Nazirliyi və"Edumedia Azərbaycan" şirkətinin birgə keçirdiyi "Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Apa-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd təbiət fənləri üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqlarınnın və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdir. Onun sözlərinə görə, təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük diqqət yetirilir: "Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramının hazırlanması istiqamətində də işlər davam etdirilir. 2015-ci ilin aprel ayında Təhsil Nazirliyinin göstərişi ilə "Edumedia Azərbaycan" şirkəti tərəfindən 50 pilot məktəb üzrə Labdisk avadanlıqları paylanılıb. Bunlardan 41-i Bakı, 9-u isə Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə üzrə məktəb və liseylərə paylanılıb. Ötən ilin aprel-may aylarında həmin məktəblərdə biologiya, kimya və fizika fənlərini tədris edən 300 müəllim 5 günlük təlimlərdə iştirak edib, avadanlıq və proqram təminatından istifadə bacarıqlarına yiyələnib".

Tədbirdə qeyd edilib ki, müsabiqə "Ən yaxşı müəllim" və "Ən yaxşı təlimçi" olmaqla, iki nominasiya üzrə keçirilib. Müsabiqəyə yalnız avadanlıqla təmin olunmuş 50 məktəbin təlimdən keçmiş müəllimləri qoşulub. Müsabiqəyə 80-dən artıq resurs təqdim edilib. İşlər ekspertlər tərəfindən qiymətləndirilib, seçilmiş 21 nominant münsiflər qarşısında təqdimatla çıxış edib və qaliblər müəyyənləşdirilib.

Sonda müsabiqə qaliblərinə hədiyyələr, xüsusi mükafatlar, fərqlənmə sertifikatları təqdim olunub.

Mediainfo.az