Bakıda poçt və gömrük məsələləri ilə bağlı seminar keçirilir

Bakıda poçt və gömrük məsələləri ilə bağlı seminar keçirilir

4 Aprel 2016 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində "Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin təyin olunmuş operatorları üçün Poçt və Gömrük məsələlərinə dair Ümumdünya Gömrük Təşkilatı və Ümumdünya Poçt İttifaqının seminarı" öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Apa-ya verilən məlumata görə, seminarda Qazaxıstan, Özbəkistan,Qırğızıstan, Tacikistan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Azərbaycandan nümayəndə heyətləri iştirak edir.

Tədbirin açılışında çıxış edən DGK sədrinin müavini Şahin Bağırov seminarın əhəmiyyətindən danışıb. Komitə rəsmisi bildirib ki, bu seminar qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, poçt göndərişlərində təhlükəsizliyin təmin edilməsi, gömrük yoxlamalarının sürətləndirilməsi və asanlaşdırılması, əvvəlcədən məlumat mübadiləsinin həyata keçirilməsi və dünya təcrübəsinin öyrənilməsi sahəsində vacib bilik və bacarıqların əldə olunmasında mühüm rol oynayacaq.

Seminarda çıxış edən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov müstəqillik əldə etdikdən sonra Azərbaycanın poçt xidmətinin inkişafından bəhs edərək bildirib ki, hər zaman qabaqcıl texnologiyaların tətbiqinə önəm verən Azərbaycan poçt xidməti maddi-texniki bazasını dövrün tələbləri səviyyəsində qurub və bunun nəticəsidir ki, beynəlxalq miqyasda mühüm uğurlar əldə edib.

Daha sonra ÜGT və Ümumdünya Poçt İttifaqının nümayəndələri Paşupati Pandey və Harald Ueyeriç seminar iştirakçılarını salamlayıblar.

4 gün davam edəcək seminarda "Poçt və gömrük xidmətləri arasında milli səviyyədə əməkdaşlığın daha da inkişaf etdirilməsi", "Gömrük tənzimləməsi", "Təhlükəsizlik və müdafiənin təminatı ilə bağlı məsələlər", "Poçt və Gömrük xidmətləri arasında elektron məlumat mübadiləsi", "Elektron Ticarət" və digər mövzularda ekspertlər tərəfindən iştirakçılara ətraflı məlumat veriləcək.

Mediainfo.az