Dünyanın ən ucuz evləri tikiləcək

Dünyanın ən ucuz evləri tikiləcək

2 Avqust 2011 18:00
Bəyəndim (0) Bəyənmədim (0)

Hind alimləri inşaat sektorunda inqilabi yeniliyə - hər kvadratmetri 14 dollardan da ucuz olan ev yaratmağa hazırlaşırlar. Dünyada ucuz evlərin yaradılması ilə bağlı araşdırmalar ötən il professor Vicay Qovindaracanın "Harvard Business Review" saytında yazdığı məqalə ilə başlayıb. Professor öz bloqunda qiyməti 300 dollardan baha olmayan evlərin tikilməsi imkanlarının olduğunu təsvir edib. Məqalə böyük maraq doğurandan sonra fondlardan biri bu məsələni həll edəcək şəxsə 25 min dollar mükafat elan edib. Bununla bağlı elan edilən müsabiqədə "Mahindra Partners" şirkətinin mütəxəssisləri qalib gəliblər. Onların konsepsiyasına əsasən sahəsi 21 kv. m olan ev 293 dollara başa gələcək (torpağın qiyməti nəzərə alınmadan).

Şirkət nümayəndəsi "Hindustan Times"ə bildirib ki, hələlik layihə ideya halındadır və onun iqtisadi əsaslandırılmağa ehtiyacı var. Hazırda yalnız o məlumdur ki, dünyada ən ucuz ev elə materiallardan tikiləcək ki, bu materialların inkişaf etməkdə olan ölkələrdə - Hindistan, Afrika və Mərkəzi Amerika ölkələrində tapılması mümkün olsun. O cümlədən "Mahindra Partners" mənzilin tikilməsi üçün bambukdan istifadə etməyə hazırlaşır.

Professor V.Qovindaracan qeyd edir ki, 300 dollarlıq evlərin əhəmiyyəti təkcə milyonlarla kasıbın həyatını yaxşılaşdırmaqla bitmir. Bu yenilik həm də ümumi dövriyyəsi 375 mlrd. dollar olan yeni biznes sahəsinin yaranması olacaq.

İnanırıq ki, ucuz "ətin" şorbası olacaq.

Tofiq Əliyev

O.M.