Avropadakı saxta malların 85%-i Çindən gətirilir

Avropadakı saxta malların 85%-i Çindən gətirilir

1 Avqust 2011 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

2010-cu ildə Avropa Birliyinin gömrük orqanları ümumi məbləği təqribən 1 mlrd. dollar olan saxtalaşdırılmış malları müsadirə ediblər. Birliyin vergilər üzrə komissarı Algirdas Semeta bildirib ki, bu malların 85%-i Çində istehsal edilib. Bundan başqa, kontrafakt məhsullar Avropaya Hindistan, Honkonq, Moldova və Türkiyədən daxil olur. İnternet mağazaların sürətlə populyarlaşması nəticəsində belə mallar Avropaya poçtla da göndərilir. Nəticədə ötən il Avropada 80 min saxta mal partiyaları və poçt göndərişləri tutulub ki, bu da 2009-cu ilə nisbətən 2 dəfə artıqdır. Saxta mallar ən çox o qədər də böyük olmayan qutularda göndərilir ki, bu da gömrükçülərin işini çətinləşdirir.

Araşdırmalar göstərib ki, ən ciddi yoxlamalar Almaniya və Böyük Britaniya sərhədlərində aparılır. Belə ki, Avropa Birliyində aşkar edilən saxta mal partiyalarının yarısı bu ölkələrin sərhədində tutulur. Ən çox rast gəlinən saxta mallar siqaretlər və digər tütün məmulatlarıdır. "Frans Press"in məlumatına görə, bunlar ümumi tutulan malların 42%-ni təşkil edir. Saxtalaşdırılma dərəcəsinə görə sonrakı yerləri dəftərxana malları (9%), paltar və oyuncaqlar (hər biri 7%) tutur. Bundan başqa, məişət texnikası, dəriyə qulluq vasitələri və dərmanlar da saxtalaşdırılır. Saxta dərmanların əksəriyyəti arıqlama vasitələri və digər dərmanlardır.

Alınan mallar geri qaytarılır.

Tofiq Əliyev

O.M.