Tarif Şurası Bakı-Sumqayıt qatarlarında qiyməti araşdırır

Tarif Şurası Bakı-Sumqayıt qatarlarında qiyməti araşdırır

20 Avqust 2015 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarında gediş haqqı ilə bağlı Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamentinin təqdim etdiyi təkliflər Tarif (qiymət) Şurasının Katibliyində araşdırılır.

Bu barədə Apa-ya İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib. A. Əliyev bildirib ki, prosedura uyğun olaraq öncə Tarif Şurasının Katibliyi tərəfindən təkliflərin iqtisadi cəhətdən əsaslandırılmış olub-olmaması araşdırılır. Daha sonra isə məsələ Tarif Şurasının gündəliyinə çıxarılır və Tarif Şurasında kollegial qaydada baxıldıqdan sonra müvafiq qərar verilir: "Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarında gediş haqqı ilə bağlı təkliflərə də Tarif Şurasında kollegial qaydada baxıldıqdan sonra müvafiq qərar veriləcək".

Qeyd edək ki, bir həftə əvvəl Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamenti Bakı-Sumqayıt qatarında gediş haqqının 50 və ya 70 qəpik müəyyən edilməsi ilə bağlı Tarif Şurasına müraciət edib. Sentyabrın 15-ə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir.

Xatırladaq ki, Bakı-Sumqayıt elektrik qatarı Bakı-Keşlə-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edəcək.

Mediainfo.az