Sərinləşdirici içkilər istehsalçısı olan 2 şirkət cərimələnib

Sərinləşdirici içkilər istehsalçısı olan 2 şirkət cərimələnib

7 İyul 2011 18:04
1 087
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkənin sərinləşdirici içkilər istehsalı bazarında yoxlamalar davam edir. Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsində "Mahmud Topçu K" İstehsal Kommersiya Firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Bakinskiy dvorik" və "Rayskiy dvorik" adlı sərinləşdirici içkilərin etiketlərində məhsulun istehsal ilinin, eləcə də Azərbaycan dilində məlumatların göstərilməsi, "Kryuşon" adlı sərinləşdirici içkinin etiketində isə 2 fərqli saxlama müddətinin qeyd olunması səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Mahmud Topçu K" İstehsal Kommersiya Firmasına 1498 manat maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 32a ünvanında Xalisə Dünyamalıyevaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Düşes" və "Tərxun" sərinləşdirci içkilərinin, meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edilməsi, "Düşes" və "Tərxun" sərinləşdirci içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edilməsi, meyvə nektarlarının etiketlərində saxlama temperaturunun normativ sənədlərdə müəyyən edilmiş normadan artıq göstərilməsi, habelə məhsul istehsalı zamanı "Effort" əmtəə nişanından qanunsuz istifadə edilməsi səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Xalisə Dünyamalıyevaya 928 manat maliyyə sanksiyası tətbiq edilib.

Haqsız rəqabətə yol verənlərə qarşı haqlı tədbir.

Tofiq Əliyev

O.M.