Dövlət Avtomobil Nəqliyyatı Xidməti kəskin hava şəraiti ilə bağlı qərargah yaradıb

Dövlət Avtomobil Nəqliyyatı Xidməti kəskin hava şəraiti ilə bağlı qərargah yaradıb

7 Yanvar 2015 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsi ictimai nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi ilə bağlı tabeli qurumlara tapşırıq verib.

Bunu Apa-ya açıqlamasında idarənin rəis müavini Əmrah Cəfərov bildirib. Ə. Cəfərov qeyd edib ki, sözügedən tapşırıq idarədə keçirilən müşavirə zamanı səsləndirilib.

Onun sözlərinə görə, müşavirə ölkə ərazisində havaların kəskin soyuması və bu hava şəraitində ictimai nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə həsr olunub.

Rəis müavini əlavə edib ki, hər hansı avtomobil yolunda buzlaşma təhlükəsi yaranarsa, həmin yolda müvafiq tədbirlərin görülməsi, o cümlədən qum səpilməsi ilə bağlı müvafiq qurumlara müraciət olunacaq.

"Avtobusların qrafikində dəyişiklik edilə bilərmi" sualına cavab olaraq Ə. Cəfərov deyib ki, bu məsələ yaradılmış qərargahda müzakirə edilə bilər.

O, vətəndaşları hər hansı bir problemlə üzləşdikdə idarədə yaradılan qaynar xəttə (012-561-76-28 müraciət etməyə xahiş edib.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında yanvarın 8-də fasilələrlə yağış, qar yağacaq. Şimal-qərb küləyi şiddətlənəcək. Çovğun olacaq, gecəyə doğru yollar buz bağlayacaq.

Mediainfo.az