Əli Əhmədov: "2015-ci il Azərbaycan üçün bir neçə istiqamətdə əlamətdar olacaq"

Əli Əhmədov: "2015-ci il Azərbaycan üçün bir neçə istiqamətdə əlamətdar olacaq"

30 Dekabr 2014 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

"2015-ci ilin də Azərbaycanın inkişafı nöqteyi-nəzərindən kifayət qədər uğurlu, səmərəli və məhsuldar olacağını düşünürəm. Ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar davam etdiriləcək, bunun fonunda iqtisadi, siyasi, mədəniyyət, idman müstəvisində ardıcıl uğurlar əldə ediləcək. Ümumiyyətlə, 2015-ci il Azərbaycan üçün bir neçə istiqamətdə əlamətdar olacaq".

Apa-nın xəbərinə görə, bunu baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli ƏhmədovYAP-ın rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, gələn il ölkədə parlament seçkiləri keçiriləcək: "Əsaslı ictimai-siyasi sabitliyin və dinamik iqtisadi inkişafın fonunda Azərbaycan xalqının alternativsiz seçimi olan Yeni Azərbaycan Partiyası növbəti dəfə qələbə qazanacaq. Bu seçkilər Azərbaycanın demokratik inkişaf tarixinin növbəti səhifəsi olacaq. Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda I Avropa Olimpiya Oyunları baş tutacaq. Qeyd edim ki, I Avropa Olimpiya Oyunlarının Azərbaycanda - Bakı şəhərində keçirilməsi haqqında qərarın qəbul edilməsi tarixi önəm kəsb edir. Bu, ilk növbədə Avropa Olimpiya Oyunları tarixinə düşəcək, çünki bu oyunlar ilk dəfə keçiriləcək və bu, yeni bir tarixin başlanğıcıdır. Belə bir qərarın qəbul olunması həm də Avropa idman ictimaiyyətinin Azərbaycana etimadından xəbər verir. 2015-ci ildə keçirilməsi planlaşdırılan Avropa Olimpiya Oyunları Azərbaycanın özünü dünyada bir daha tanıtması və təbliğ etməsi baxımından yeni bir şansdır. İnanıram ki, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları çox yüksək səviyyədə təşkil ediləcək və həmin dövrədək yəqin ki, paytaxtımızda çox böyük yeniliklərin şahidi olacağıq".

Baş nazirin müavini 2015-ci ildə Azərbaycanın dinamik inkişafının davam edəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ayrı-ayrı sahələrin tərəqqisi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin miqyasının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər inkişafın və nailiyyətlərin əsası kimi çıxış edəcək: "Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, şaxələndirmə siyasətinin davam etdirilməsi və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi bütövlükdə Azərbaycanın inkişafına mühüm töhfələr verəcək, inkişaf strategiyası uğurla yerinə yetiriləcək. Doğrudur, müəyyən layihələrdə gecikmələr ola bilər, lakin mən görülən tədbirlər sayəsində inkişaf siyasətinin davamlı olacağına optimistcəsinə yanaşıram. 2015-ci ilin Azərbaycan üçün uğurlu olacağına dərindən inanıram. Bu fikri söyləməyə əsas yaradan prezidentin iqtisadi siyasətinin obyektiv reallıqlara söykənməsi, səmərəli idarəçilik təcrübəsi, siyasi iradəsidir".

Mediainfo.az