Obama: “Rusiya iqtisadiyyatı yalnız neftə əsaslanır, bizim isə həm neftimiz, həm “iPad”ımız var”

Obama: “Rusiya iqtisadiyyatı yalnız neftə əsaslanır, bizim isə həm neftimiz, həm “iPad”ımız var”

29 Dekabr 2014 17:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiyaya Ukrayna məsələsində mövqeyini dəyişməsi üçün fasiləsiz təzyiq göstərilməsi taktikası düzgündür və nəticəsini verir".Apa-nın xəbərinə görə, bu sözləri ABŞ prezidenti Barak Obama NPR radiosuna müsahibəsində deyib.

"Mən demişdim ki, biz Rusiya ilə müharibə istəmirik, lakin biz avropalı tərəfdaşlarımızla birlikdə daimi təzyiq göstərə bilərik və Rusiyanın digər dövlətin suverenliyini pozmasına qarşı yaranacaq beynəlxalq koalisiyanın baş elementi ola bilərik. Mən xəbərdarlıq etmişdim ki, Rusiyanın daha əvvəl atdığı addımların yanlışlığı ortaya çıxacaq", - deyə B. Obama söyləyib. O qeyd edib ki, bu mövqeyinə görə vaxtilə onu tənqidə məruz qoyanların bəziləri indi yəqin ki, prezidentin haqlı olduğunu etiraf edirlər.

Dövlət başçısı bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqinə qərar verərkən dərk edirdi ki, hansısa mərhələdə neftin qiymətinin ucuzlaşması da Moskvaya əlavə təzyiq faktoru ola bilər: "Xatırlayırsınızsa, hələ neftin qiymətinin kollapsından əvvəl Rusiya iqtisadiyyatı çətinliklərlə qarşılaşmışdı, kapitalın ölkədən çıxması müşahidə edilirdi. Bizim hesablamalarımız həm də qismən ona əsaslanırdı ki, Rusiya iqtisadiyyatını ayaqda tutan yeganə şey elə neftin qiymətidir. Hesab edirdik ki, qiymətlərin düşməsi bu il olmasa belə, gələn il və ya sonrakı il mütləq baş verəcək".
B. Obamanın sözlərinə görə, Vaşinqtonda anlayırdılar ki, sanksiyalarla neftin ucuzlaşmasının üst-üstə düşməsi elə bir vəziyyət yaradacaq ki, Rusiyanın bu cür situasiyadan çıxması çox çətin olacaq: "Ukrayna tipli problemlərdə ruslara münasibətdə qəti mövqe ortaya qoymaq, eyni zamanda əmin olmaq lazımdır ki, bizim öz maliyyə sistemimiz qaydasındadır və biz öz istehsal bazamızı qurmaq üçün lazım olan hər şeyi edirik. Ona görə də, son nəticədə Rusiya üzərində böyük üstünlüyümüz ondan ibarətdir ki, bizim dinamik, həyat qabiliyyətli iqtisadiyyatımız var, onların isə yoxdur. Onlar neftə əsaslanır, biz isə həm neftə, həm "iPad"a, həm filmlərə və s.-yə əsaslanırıq".
B. Obama onu da əlavə edib ki, 3-4 ay əvvələ qədər Vaşinqtonda hər kəs əmin idi ki, prezident Putin dahidir: "Bu gün isə bilirsinizmi, mənim hiss etdiyimə görə, ən azı Rusiyadan kənarda belə düşünən insanlar ola bilər ki, Putin o qədər də ağıllı addımlar atmayıb".

Mediainfo.az