Bakının məşhur “Turka” restoranında siçan ölüləri aşkar edildi

Bakının məşhur “Turka” restoranında siçan ölüləri aşkar edildi

26 Dekabr 2014 08:53
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda yerləşən məşhur "Turka" restoranında yoxlamalar aparılıb. Mediainfo.az-ın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev məhəllə 547 ünvanında yerləşən fiziki şəxs Kahraman Mehmet Yusuf oğluna məxsus ictimai iaşə xidməti göstərən "Turka" restoranında 02.12.2014-cü il tarixində yoxlama həyata keçirilib. Yoxlama zamanı ciddi nöqsanlar aşkar olunub.

Belə ki, müəssisənin xammal anbarı gəmiricilərlə çirklənmiş bvəziyyətdə aşkar edilib. Həmin sahəyə baxış zamanı gəmiricilərdən olan siçan ölüləri aşkar edilib. Anbarda mal qonşuluğu qaydalarına da riayət edilmir, məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərini təsdiq edən sənədləri olmayan mal ətindən çiy dönər və toyuq ətindən çiy dönər hazırlanır, hazırlanan yeməklər müəyyən edilmiş qaydada təsdiq edilmiş texnoloji təlimatlar və resepturalar olmadan istehsal olunur. Eləcə də hazırlanan salatların, yarımfabrikatların saxlanıldığı soyuducuların temperatur tənzimləyiciləri olmadığından onların saxlanma rejimlərinə nəzarət edilmir, hazırlanmış məhsulların hazırlanma tarixi və vaxtı barədə heç bir qeydiyyat aparılmır. Həmçinin müəssisədə çalışan işçilərin mütəmadi olaraq tibbi müayinədən keçmələri barədə sənədlərin olmadığı müəyyən edilib. İşçilər üçün sanitar qovşaq (qeyd: tualet) ayrı sahədə yox, kulinariya məmulatlarının hazırlandığı sahədə yerləşir ki, bu da yolverilməz haldır. Müəssisədə istehsal sahələrinin sanitar vəziyyətinə və işçilərin gigiyenasına qoyulan tələblərə riayət edilməsi vəziyyətinin araşdırılması məqsədilə kulinar məmulatların hazırlanmasında istifadə olunan kəsici alətlərdən, altlıq lövhələrdən, müxtəlif qablardan, eləcə də işçilərin əllərindən yerində səyyar avto laboratoriya vasitəsilə yaxmalar götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) təqdim edilib. Aparılan müayinənin nəticələrinə görə müəssisədə çalışan işçilərin əllərindən götürülmüş yaxmalarda S.aureus qrupundan olan bakteriyalar aşkarlanıb. Bununla bağlı müəssisədə sanitar-gigiyenik tələblərə əməl olunmamasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məktub ünvanlanıb. Müəssisədə hazırlanan paytaxt və mimoza salatlarının sınaqlarının nəticələrinə əsasən, salatların tərkibində maya göbələklərinin sayının normativ sənəddə nəzərdə tutulandan 4 dəfə artıq olduğu müəyyən edilib. Yoxlanılmış ictimai iaşə müəssisəsində istehlakçılara keyfiyyətsiz məhsullar satılmaqla onların hüquqlarının kobud şəkildə pozulmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə məlumat verilib.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.3-cü maddəsinə əsasən fiziki şəxs inzibati qaydada cərimə olunub.

Mediainfo.az