Meşə yanğınlarına qarşı ciddi tədbirlər planı hazırlanır

Meşə yanğınlarına qarşı ciddi tədbirlər planı hazırlanır

24 Dekabr 2014 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

"Hazırda meşə yanğınlarının qarşısının alınması ilə bağlı çox ciddi tədbirlər planı hazırlanır"

Apa-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

H.Bağırov qeyd edib ki, bu il meşə yanğınları quraqlıq keçməsi ilə bağlı olub: "Meşə yanğınları əsasən onunla bağlı oldu ki, iyul-avqust ayı çox quraqlıq oldu. Ümumilikdə böyük yanğınlar olmadı. Doğrudur, bizdə elə olmayıb ki, biz yanğınla 1 gündən artıq mübarizə aparaq. Elə yer oldu ki, 2-3 gün mübarizə aparmaq lazım gəldi. Əsasən yaşlı ağaclara az zərər gəldi. Belə hallar mütəmadi olur. Bunun əleyhinə də tədbirlər görülür. Yanğın əleyhinə bizim özümüzün də dəstəsi var, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mübarizə İdarəsi də bu sahədə çox fəal fəaliyyət göstərir".

Nazir bildirib ki, yanğınlar həm də dairəvi ildırım çaxması nəticəsində də baş verir: "Bir neçə ağacların budaqları birləşərək qığılcım yaradır və bu da yanğına səbəb olur. Əhali artır, insanların iqtisadi fəaliyyət sərbəstliyi çoxalıb. İstirahət etdikləri yerlərdə tonqal qalayırlar və bu da meşə ərazisində yanğınların baş verməsinə səbəb olur. Bu baxımdan təbliğat işi çox gücləndirilməlidir".

Nazir ağacların kəsilməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycan tarixində heç vaxt ağacların belə az qırılması prosesi olmayıb: "Etiraf etmək lazımdı ki, bu əsasən qazlaşdırma ilə bağlıdır. Hazırda mühafizə işini gücləndirmişik, cərimələr də artırılıb. Biz Azərbaycanda sənaye, mebel üçün ağac qırılması hallarının çox aşağı enməsinə nail olmuşuq - təxminən 1 faiz olar. İndi ölkəyə gətirilən ağac məmulatlarının qiyməti 300 milyona çatıb".

Mediainfo.az