Səlim Müslümov açıqlama verib

Səlim Müslümov açıqlama verib

23 Dekabr 2014 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Biz düşünürük ki, cəmiyyətdə əlilliyi olan şəxslərin potensial məşğulluq imkanlarının qiymətləndirilməsi və reallaşdırılmasına işəgötürənlər tərəfindən münasibət arzu olunan səviyyədə deyil".

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S. Müslümov bildirib ki, qanunvericilik sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün müəssisələrdə işçilərin ümumi sayı müqabilində kvota üzrə iş yerlərinin ayrılmasını müəyyən edir: "Yəni müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3%, 50-dən 100-dək olduqda 4%-i, 100-dən çox olduqda isə 5%-i miqdarında kvota yeri ayrılmalıdır. Ümumiyyətlə, məşğulluq sahəsində siyasətin səmərəli icrası "Məşğulluq haqqında" qanuna uyğun olaraq işəgötürənlər tərəfindən yeni yaranan boş iş yerləri, həmçinin kvotalar barədə məlumatların məşğulluq orqanlarına təqdim olunmasından asılıdır. Təəssüf doğuran hal odur ki, bu sahədə bir çox hallarda qanunvericiliyin tələblərinə riayət edilmir. Belə hallarla bağlı olaraq bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən müəssisələrdə zəruri məlumat və hesabatları məşğulluq orqanlarına təqdim etməyən 163 işəgötürənə qarşı müvafiq məbləğlərdə cərimələr tətbiq olunub və bu cərimələrin 86,8%-i artıq dövlət büdcəsinə ödənilib. Lakin bu sahədə işəgötürənlərdə məsuliyyət hissinin artırılması məqsədilə daha təsirli tədbirlərin görülməsi üçün nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Bununla bağlı, eləcə də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılması ilə əlaqədar qanunvericilikdə təkmilləşdirmələr aparılacaq".

S. Müslümov qeyd edib ki, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində də əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi üçün konkret istiqamətlər əksini tapıb. Nazirliyin rəsmi internet saytında hazırda ictimai müzakirədə olan bu layihədə əlilliyi olan şəxslərin əməyindən istifadə üçün müəssisələrin, sexlərin və sahələrin yaradılması əksini tapır. Bu layihə əlilliyi olan şəxslərin hərtərəfli dəstəklənməsi məqsədlərini dolğun şəkildə əks etdirir və layihəyə BMT-nin Əlillərin hüquqları üzrə Komitəsi tərəfindən də müsbət rəy verilib.

Layihə ilə yanaşı, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının müddəalarının icrası məqsədilə "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihəsi də hazırlanıb və Nazirliyin rəsmi internet saytında ictimai müzakirəyə təqdim olunub.

Mediainfo.az