Neft və benzin istehsalı azalıb

Neft və benzin istehsalı azalıb

19 Dekabr 2014 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin 11 ayının göstəricilərinə görə, emal sənayesində 7 milyard manatlıq məhsul istehsal olunub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Doğrudur, bu sahədə artım qeydə alınsa da, bəzi sektorlar üzrə istehsalatda ciddi azalmalar müşahidə edilməkdədir. Xüsusilə neft məhsullarının emalında əhəmiyyətli azalma göstərilir.

Beləliklə, qeyri-neft emalı sənayesində xüsusi artım içki və tütün məhsullarının istehsalında hiss olunur. Çox maraqlıdır ki, bu sahədə həm də idxalda artım yüksəkdir. Belə aydın olur ki, ölkədə tütündən istifadəçilərin sayı çoxalır. Beləliklə, bu ilin on bir ayında içki istehsalında 9.1 faiz, tütün məmulatlarının istehsalında 1.8 dəfə artım baş verib.

Dəri və dəri məmulatları, ayaqqabı, kağız və karton, əczaçılıq məhsulları, kompüter və digər elektron avadanlıqları və sair sahələrdə məhsul istehsalında əhəmiyyətli azalma müşahidə edilməkdədir. Misal üçün bildirək ki, geyim istehsalında 65 faiz, toxuculuq sənayesində 6,7 faiz, ayaqqabı və dəri istehsalında 50,8 faiz azalma baş verib.

Dövlət Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatlarında, əsasən deyə bilərik ki, paradoksal məqamlardan biri də qida məhsullarının həm istehsalında, həm idxalında artımın olmasıdır. Məsələn, ət, pendir və kəsmik, kərə yağı, buğda, tütün məmulatlarının həm istehsalında, həm də idxalında artım müşahidə edilir. Tələbatın artmasını heç də əhalinin alıcılıq qabiliyyəti ilə izah etmək olmaz. Çünki Dövlət Statistika Komitəsinin statistikasına görə, əhalinin ümumi gəlirlərində 4 faizlik artım baş verib. Lakin bu artım istehlak xərclərinə təsir göstərməyib. İnsanların qazanclarının 69,5 faizini istehlaka yönəltməsi aşağı təbəqənin gəlirlərinin artmamasından xəbər verir. İqtisadi prinsiplərlə yanaşdıqda, insanlar gəlirlərinin böyük hissəsini qidalanmağa ayırırsa, demək ki, qazancları azalıb, qiymətlər isə bahalaşıb.

Neft məhsullarının istehsalına gəlincə, Dövlət Neft Şirkətinin hasil etdiyi neftin istehsalının həcmi 2,4 milyard manat olub. Bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 6.8 faiz azdır. Əhəmiyyətli azalma isə avtomobil benzininin istehsalında özünü göstərir. Belə ki, ilin on bir ayında 1,1 milyon ton benzin istehsal olunub ki, bu da ötən illə müqayisədə 14 faiz aşağıdır.

Ölkəmizə yatırılan sərmayələrə gəlincə, ilin 11 ayında bütün maliyyə mənbələrindən əsas kapitala 14,6 milyard manat vəsait yönəldilib. Onun dörddə üç hissəsi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Ümumi sərmayənin 51,7 faizi dövlət, 48,3 faizi özəl sektorun payına düşür.

Mediainfo.az