Elman Mehdiyev Ağcabədidə sakinləri qəbul edib

Elman Mehdiyev Ağcabədidə sakinləri qəbul edib

17 Dekabr 2014 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün DSMF sədri Elman Mehdiyev fondun Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Beyləqan və Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan apa-ya verilən məlumata görə, fondun məsul əməkdaşlarının, Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Beyləqan və Laçın rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 35-dək vətəndaşın müraciətlərinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib.

Vətəndaşların rahatlığı məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və E. Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Mediainfo.az