Parlamentdə “KİV haqqında” qanuna əlavə və dəyişiklik qəbul edilib

Parlamentdə “KİV haqqında” qanuna əlavə və dəyişiklik qəbul edilib

16 Dekabr 2014 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

Apa-nın məlumatına görə, layihəyə görə, qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) "oxşar ad" termini əlavə edilir və onun təsnifatı göstərilir: "Oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan edilir.

Bundan başqa, layihədə xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulur.

Qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hazırda bu, il ərzində 3 dəfədir.

Layihənin müzakirəsi mübahisələrə səbəb olub.

Deputat İqbal Ağazadə dəyişikliklərə ehtiyac olmadığını bildirib: "Çünki dəyişikliklərin heç biri fundamental deyil. Azərbaycanda kifayət qədər omonim söz var, o mənada oxşar adlardan istifadə edilərək yeni media orqanı yardıla bilər". Deputat KİV-in istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi ilə bağlı müddəanı da doğru saymayıb.

Deputat Zahid Oruc isə qanunun mürtəce xarakter daşımadığını deyib və qəbul olunmasına tərəfdar çıxdığını bildirib: "Özlərini "mücahid" kimi təqdim edənlər əslində hansısa kəşfiyyat orqanlarına xidmət edirlər. İndiyə qədər qanunun 3 dəfə məhkəmə qərarından sonra fəaliyyətinə xitam verilməməsi ilə bağlı maddəsi işləməyibsə, bundan sonra işləyəcək. Ancaq bağlanma məsələsi də birmənalı göstərilməyib. Ola bilər ki, məhkəmə iddiası qaldırılsın və bəraət alsın".

Deputat Tahir Rzayev də KİV-in fəaliyyətinin dayandırılmasının tərəfdarı olmadığını deyib: "Ancaq bəzən adam mətbuat yazılarına dözə bilmir. Bu günlərdə 74 deputat lal deputat kimi qələmə verilib. Düzdür, mən saytın rəhbərinə zəng edib iradımı bildirdim. Ancaq bu, qəbul olunmazdır ki, ağsaqqal insanlar təhqir olunur. Məni təhqir edəni, mənim şəxsiyyətimə toxunanla bağlı ölçü götürülməsini niyə istəməməliyəm?"

Deputat Siyavuş Novruzov isə bildirib ki, burada heç bir məhdudiyyətdən və çətinlikdən söhbət getmir: "Sadəcə, məsələ konkretləşdirilir. Tənqid elə, sözünü de, amma təhqir eləmə, başqasının haqqına girmə. O zaman kimin səninlə nə işi var?"

Spiker Oqtay Əsədov deyib ki, o da "lal deputatlar"ın siyahısına baxıb: "Çox mənasız siyahı idi. Ordakıların əksəriyyəti beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvüdür. Parlamentin xaricdə də fəaliyyəti var".

Vitse-spiker Bahar Muradova deyib ki, hər bir mətbuat nümayəndəsi öncə Azərbaycan vətəndaşıdır: "Mən də çox istərdim ki, Azərbaycan haqqında dünyada gedən yaxşı məlumatlarla yanaşı, mənfi məlumatlarla bağlı da Azərbaycanın maraqları təmin olunsun".

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

Mediainfo.az