2015-ci ildə neftin qiymətinin qalxacağı gözlənilir

2015-ci ildə neftin qiymətinin qalxacağı gözlənilir

16 Dekabr 2014 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Heç kim inanmasın ki, pula çox həris olan ərəb şeyxləri neftin satışından əldə etdikləri milyardlardan uzun müddətə imtina edəcəklər. Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi, bütün neft ölkələrində olduğu kimi bizdə də müəyyən vəsaitlərin itirilməsi ilə nəticələnəcək. Lakin buna təbii baxmaq lazımdır".

Bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov neftin qiyməti və dünya bazarında yaranmış vəziyyətin müvəqqəti xarakter daşıdığına dair fikirlərini açıqlayarkən deyib.

Azərbaycanın bu günə mövcud olan valyuta-qızıl ehtiyatları fonunda (70 mlrd. dollara yaxın) bu itkilərin ölkəmiz üçün ciddi təhlükəsinin olmadığını vurğulayan F. Yusifov bu xüsusda səsləndirilən fərqli açıqlamalara da toxunub: "Bəzi "ekspertlər" həyəcan təbilini deyəsən yerə qoymaq fikrində deyillər. Neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsinin ölkədə kütləvi kadr ixtisarlarına gətirib çıxaracağını deyənlərin, təhsil sistemində aparılan islahatlarla bağlı müəllimlərin sayında edilən ixtisarları neftin qiymətlərinin enməsi ilə birbaşa əlaqələndirənlərin hansı məntiqdən çıxış etməsi aydın deyil. Bəziləri isə daha irəli gedərək neftin qiymətlərində baş verən dəyişikliklərlə bağlı milli valyutamızın məzənnəsinin qorunub saxlanmasına Mərkəzi Bankın milyardlar xərclədiyini bəyan edir. Sual olunur: Bu müəlliflər milli valyutanın məzənnəsini saxlamaq üçün milyardların harada və necə xərcləndiyini deyə bilərlərmi? Anlamaq olmur ki, belə yersiz hay-küy kimə və nəyə lazımdır?"

Bəzi mütəxəssislər hesab edirlər ki, əgər qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyada neft hasilatı kəskin azalarsa, bu hal sonda dünya bazarlarında neftin qiymətlərinin artmasına gətirib çıxara bilər. BİAB sədri bu fikirlərin təsadüfi olmadığını qeyd edərək Rusiyanın hasilat imkanlarına diqqət yönəldib: "Rusiya kifayət qədər böyük həcmdə neft hasil edən ölkədir. Gündəlik neft hasilatının həcminə görə Rusiya neft hasil edən ölkələr içərisində liderlərdən biridir. Digər tərəfdən, heç kim inanmasın ki, pula çox həris olan ərəb şeyxləri neftin satışından əldə etdikləri milyardlardan çox uzun müddətə imtina edəcəklər. İnanmıram ki, bu şeyxlər Səudiyyə Ərəbistanında maya dəyəri təqribən 2 dollara başa gələn neftin bir barelinin 130-150 dollara satılması ilə 30-50 dollara satılmasının onlar üçün nə demək olduğunun fərqinə varmasınlar. Bir başqa amil isə ABŞ-ın maya dəyəri adi neftin maya dəyərindən kifayət qədər baha başa gələn şist neftin istehsalını artırmağa yönəlmiş marağıdır. ABŞ-ın bu neftin hasilatından yaxşı qazanc əldə etməsinin hələlik yeganə yolu dünya bazarlarında neftin qiymətlərinin qalxmasıdır. Hesab edirəm ki, hazırda müşahidə etdiyimiz proseslər, dünya üzrə neft hasilatının həcmi və bir sıra digər ciddi məqamlar əsas verir ki, gələn ilin ortalarından neftin bahalaşacağını deyə bilək. Zənnimcə qərb tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyadan istədiyini hansısa formada alacaq və bundan sonra vəziyyət əvvəlki məcrasına qayıdacaq. Alternativ enerji mənbələrinin hələlik tam şəkildə ortaya çıxmadığı bir dövrdə iqtisadi inkişafın təmin edilməsində neftin rolu kifayət qədər böyük olaraq qalacaqdır. Onu da unutmayaq ki, son onillikdə dünya bazarlarında neftin qiymətləri bir neçə dəfə çox kəskin şəkildə dəyişib".

Mediainfo.az