Qanunsuz ov hallarına qarşı reydlər davam edir

Qanunsuz ov hallarına qarşı reydlər davam edir

12 Dekabr 2014 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə 5-11 dekabr tarixlərində ölkə ərazisində növbəti reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, keçirilmiş reyd zamanı Qaradağ rayonu ərazisində, Bakı-Ələt yolunun 29-cu kilometrliyində ov edən Bakı şəhər sakinləri Vahid Əliyev və Elçin Əsədullayev saxlanılaraq onlardan 2 ov tüfəngi və 16 patron götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində akt və protokol tərtib edilərək qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.

Şahdağ Milli Parkının ərazisində keçirilmiş reyd zamanı ov edən Quba rayonu Xaltan kənd sakinləri Məhəmməd İsgəndərov və Heybətağa Mikayılov saxlanılıb və onlardan 2 ov tüfəngi, 8 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxslər barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunaraq hər biri 1000 manat məbləğində cərimə edilib.
Sarısu Ovçuluq Təssərrüfatı ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Lənkəran rayonunun Türəkəran kənd sakini Ayaz Həsənov saxlanılaraq ondan 1 ov tüfəngi, 5 patron və 3 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1015 manat məbləğində cərimə və iddia tətbiq edilib.

Mediainfo.az