Fond  Bərdədə regional “Açıq qapı günü” keçirib - FOTO

Fond Bərdədə regional “Açıq qapı günü” keçirib - FOTO

10 Dekabr 2014 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün DSMF Bərdədə "Açıq qapı günü" vətəndaşların qəbulunu keçirib. "Azərbaycanın müasir sosial sığorta - pensiya sistemi-pensiyanızı özünüz hesablayın" adlı regional tədbirdə Mingəçevir, Naftalan şəhərlərinin, Bərdə, Xocalı, Goranboy, Ağdaş, Ucar, Ağdam, Yevlax, Samux və Tərtər rayonlarının sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.

DSMF-in mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, hazırda respublikada əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Sığortaedənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər bir şəxs üçün açılmış fərdi hesabda fərdi uçotu aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır.

F. Qədimov qeyd edib ki, "Elektron hökümət" portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

Bundan başqa, Dünya Bankının "Doing Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib.

Təqdimatla çıxış edən DSMF-nin şöbə müdirinin müavini Rüfət Oruclı DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunanın özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malik olduğunu diqqətə çatdırıb. İstənilən sığortaolunan həm DSMF-nin saytı (www.sspf.gov.az), həm də "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.

Forumda ölkədə pensiya ödənişlərinin 99,9%-nin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan "Pensiya+"xidməti, habelə Fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib.

Mediainfo.az