Əbülfəz Qarayev Sabirabadda vətəndaşları qəbul edib

Əbülfəz Qarayev Sabirabadda vətəndaşları qəbul edib

10 Dekabr 2014 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Sabirabadda vətəndaşları qəbul edib.

Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Laçın, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edib.

Qəbulda tarixi abidələrin bərpası və qorunması, bölgələrdə turizmin inkişafı, yeni otellərin tikintisi, bundan əlavə yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, musiqi məktəblərinin və klubların təmiri, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması əsas müraciətlər sırasında olub. Bundan əlavə, məcburi köçkün düşərgələrində mədəniyyət ocaqlarına əlavə ştatların verilməsi, xalq teatrının inkişafına qayğı və istedadlı gənclərin üzə çıxarılması və onların gələcək fəaliyyətlərinə yardım göstərilməsi ilə də bağlı müraciətlər olub.

Nazir bəzi müraciətlərin yerindəcə həll olunması üçün konkret tapşırıqlar verib. Vətəndaşların xahiş və təkliflərinin müxtəlif mövzu və sahələri əhatə etdiyindən onların hamısının diqqətlə nəzərdən keçiriləcəyi və aidiyyatı qurumlara göndəriləcəyi qərara alınıb.

Daha sonra nazir sözügedən rayonların mədəniyyət işçiləri ilə müşavirə keçirib. Bölgələrdə turizm infrastrukturunun qurulması və gələcək inkişafı üçün fikir mübadiləsi aparılıb.

Mediainfo.az