“Yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir"

“Yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir"

23 İyun 2011 11:55
813
Bəyəndim (0) Bəyənmədim (0)

2010-cu ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq səviyyəsi 9 faiz təşkil edib və 2015-ci ilə kimi ölkədə yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov YAP-ın rəsmi saytına müsahibəsində belə deyib. Nazirin sözlərinə görə, bu gün ölkəmizdə uğurla həyata keçirilən modern sosial siyasətin malik olduğu konkret parametrlərdən biri yoxsulluğun azaldılmasıdır və bu istiqamətdə Prezident İlham Əliyevin 2008-ci il sentyabrın 15-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra edilir. F. Ələkbərov bildirib ki, 2003-2010-cu illər ərzində ölkəmizə 900 mindən çox iş yeri açılıb. Bundan başqa, cari ilin 1 iyununa olan məlumata əsasən, Azərbaycanda 131122 ailə ünvanlı sosial yardım alır. Hər ay adambaşına düşən ÜSY-ın orta aylıq məbləği 23,60 manat, bir ailəyə düşən orta aylıq ÜSY məbləği isə 105,82 manatdır. Yardım təyin olunan ailələrdən 51628-i tərkibində 3 və daha çox uşaq olan ailələr, 195-i qəyyumluq (himayəçi) təyin edilmiş ailələr, 35-i şəhid ailələri, 558-i tərkibində müharibə əlili olan ailələr, 16339-u tərkibində ümumi səbəblərdən əlil üzvü olan ailələr, 10049-u məcburi köçkün ailələri, 258-i isə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin ailələridir.

F. Ələkbərovun sözlərinə görə, nazirliyin əsas hədəfi yoxsul ailələri aktiv sosial müdafiə tədbirlərinə cəlb etməklə onların yaşayışının ünvanlı yardımdan asılılığını tədricən aradan qaldırmaqdır. Bu məqsədlə ünvanlı yardım proqramının icrası prosesində yardım alan ailələrlə bağlı məlumat bankının yaradılmasına başlanılıb. Bankda toplanan məlumatların təhlili əsasında hansı ailəyə hansı formada dəstək göstərilməklə onun yoxsulluq vəziyyətindən çıxarılması məsələsi müzakirə edilir. Artıq nazirlik tərəfindən "Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı"nın layihəsi hazırlanmaqdadır. Bu proqram yoxsulluq vəziyyətində yaşayan ailələrin hər birinin fərdi imkan və qabiliyyətləri müqabilində aktiv tədbirlərə cəlb olunmasını, bununla onların sosial reabilitasiyasını nəzərdə tutan layihələri əhatə edir.

"Biz ilkin təcrübə kimi Tovuzun Ermənistanla həmsərhəd kəndi olan Vahidli kəndində "Özünədəstək" adlı layihənin icrasına start vermişik. İlk olaraq ölkənin bu ucqar kəndində mart ayından etibarən maldarlığın inkişaf etdirilməsi üçün ünvanlı sosial yardım alan 52 ailədən 15-nə şəxsi istehsalla məşğul olmaqla özlərini təmin edə bilmələri üçün yerli ictimaiyyətin nümayəndələrindən ibarət şuranın fəal iştirakı ilə mal və materiallar alınıb verilib. Cari il ərzində Masallı, İsmayıllı və Quba rayonlarında da bu istiqamətdə pilot işləri aparılacaq və gələn ildən layihə ölkənin bütün rayonlarını, o cümlədən, Bakı şəhərini əhatə edəcək", deyə nazir qeyd edib.

İnanırıq ki, hər şey vədlərin tam əksinə olmayacaq.

Tofiq Əliyev

O.M.