Qanunsuz ov hallarının qarşısı növbəti reyd

Qanunsuz ov hallarının qarşısı növbəti reyd

5 Dekabr 2014 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 1-4-də Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumlarının əməkdaşları qanunsuz ov hallarının aşkarlanması məqsədilə növbəti reydlər keçiriblər.

ETST-in mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, Sarısu Ovçuluq Təsərrüfatı ərazisində keçirilmiş reyd zamanı ov edən Saatlı rayonu Hacıqasımlı kənd sakini Elməddin Şirinov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi, 10 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib edilərək 1050 manat məbləğində cərimə və iddia tətbiq olunub.

Yevlax rayonunun Meyvəli qəsəbəsi ərazisində keçirilmiş reyd zamanı ov edən naməlum şəxs saxlanılıb. Faktla bağlı qanuna müvafiq qaydada akt tərtib edilərək həmin şəxsdən 1 ədəd ov tüfəngi, 10 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbəsinə müraciət edilib.

Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində isə ovla məşğul olan Tərtər şəhər sakini Kamil Nəcəfov və Ağdam rayonu Quzanlı kənd sakini Ramiz Əsgərov saxlanılaraq onlardan 1 ədəd ov tüfəngi, 3 patron və 3 ədəd ovlanmış qırqovul götürülüb. Akt və protokol tərtib olunaraq təqsirkar şəxslər barəsində ümumilikdə 2066 manat məbləğində cərimə və iddia tətbiq edilib.

Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir.

Mediainfo.az