Nazir İmişlidə vətəndaşları qəbul edib

Nazir İmişlidə vətəndaşları qəbul edib

5 Dekabr 2014 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İmişlidə vətəndaşları qəbul edib.

Apa-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hər bir vətəndaş müraciətinin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydiyyata alınıb, onların qaldırdığı məsələlər araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlərin aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, kredit ittifaqlarının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığı, əkin sahələrinin suvarılması, mal-qaranın sığortası, sosial və s. məsələlərlə bağlı müraciət edib.

Nazir qəbula gələn sahibkarların quşçuluq, taxılçılıq, toxumçuluq, üzümçülük, müasir heyvandarlıq kompleksinin yaradılması, mineral suların qablaşdırılması və satışı, mebel və tikinti materiallarının istehsalı və s. sahələr üzrə təkliflərini də dinləyib, onlarla müzakirələr aparılıb, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Ş. Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin qanunvericiliyə müvafiq qaydada həlli üçün müvafiq tədbirlər görülüb.

Ümumilikdə qəbul zamanı 90-a yaxın vətəndaş qəbul edilib.

Mediainfo.az