Dəfn müavinəti açıqlaması

Dəfn müavinəti açıqlaması

20 Avqust 2014 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşlar arasında müzakirə mövzusuna çevrilən sığortaolunanların və əmək pensiyaçılarının vəfatı ilə əlaqədar dəfn müavinətinin məbləği məsələsinə aydınlıq gətirib.

Apa-nın məlumatına görə, DSMF aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev bildirib ki, hazırda sığortaolunanların vəfatı ilə əlaqədar dəfn xərcinin məbləği 120 manat təşkil edir. Əmək pensiyaçısı vəfat etdikdə isə onun ailəsinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir.

"Hazırda yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat təşkil etdiyindən, 300 manat məbləğində dəfn üçün müavinət verilir. Bəzən vətəndaşlar tərəfindən dəfn üçün müavinət vəfat edənin əmək pensiyasının tam məbləğinin üç misli başa düşülür", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bəzi hallarda əmək pensiyaçısının vəfatı barədə məlumat onun ailə üzvləri tərəfindən DSMF-nin yerli orqanına vaxtında verilmir və əmək pensiyaçısının plastik kartı vasitəsilə aylıq pensiyalar alınmaqda davam edir: "Bu cür hallarda dəfn üçün müavinətin ödənilməsi üçün müraciət edildikdə artıq ödənilmiş pensiya məbləğinin tutularaq, DSMF-nin hesabına bərpası aparılır. Təəssüf ki, bu hal bəzən vətəndaşlar tərəfindən dəfn müavinətinin az məbləğdə verilməsi kimi başa düşülür. Halbuki burada dəfn müavinəti düzgün hesablanır və DSMF orqanı artıq ödənmiş məbləğin tutulmasına cavabdehdir. Buna görə də ümumi məbləğdən artıq alınmış həmin vəsait tutularaq köçürülür. Artıq alınmış pensiya məbləğinin qanunvericiliyə əsasən tutulması dəfn xərcinin azaldılması kimi şərh olunmamalıdır".

Şöbə müdiri əlavə edib ki, bəzi hallarda vətəndaşlar dəfni kimin yerinə yetirməsi barədə sənəd təqdim olunmasına etiraz edirlər.

"Praktika göstərir ki, dəfn müavinətinə bəzən bir neçə varis iddia edir. Müavinət isə yalnız dəfn edənə verilməlidir. Bu isə həmin şəxsin dəfni həyata keçirməsi barədə arayış alınmasını tələb edir", - deyə o vurğulayıb.