Mətbuat Şurasından yeni layihə

Mətbuat Şurasından yeni layihə

18 Avqust 2014 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

Mətbuat Şurası yeni layihəyə start verib

Mediainfo.aza daxil olan məlumata görə, Azərbaycan Mətbuat Şurası "Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək" layihəsinə start verib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdiriləcək layihənin məqsədi mətbuatda ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaqdan, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin təminatından ibarətdir.

Layihə 2014-cü ilin avqust-dekabr aylarını əhatə edəcək. Layihə çərçivəsində Gəncə və Şəki şəhərlərində "Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa"ların təşkili planlaşdırılır. Həmçinin paytaxtda "Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: mövcud durum və perspektiv vəzifələr" mövzusunda konfrans da keçiriləcək. "Dəyirmi masa"lar və konfransda kütləvi informasiya vasitələrinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dilçi alimlərin iştirakı nəzərdə tutulur.