Qay Rayder Azərbaycana gələcək - FOTO

Qay Rayder Azərbaycana gələcək - FOTO

3 İyun 2014 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Apa-ya verilən məlumata görə, S.Müslümov beynəlxalq təşkilatlarla əməkdaşlığın daim gücləndirildiyini vurğulayıb: "Azərbaycan BƏT-in 56 Konvensiyasını ratifikasiya edib. Bu Konvensiyalardan irəli gələn yanaşmalar ölkənin milli qanunvericiliyində öz əksini tapıb. Eyni zamanda, əməyin mühafizəsi ilə bağlı beynəlxalq normaların tətbiqinə daim xüsusi diqqət yetirilir və BƏT-lə əməkdaşlıq çərçivəsində layiqli əməyin təminatı üzrə ölkə proqramı icra olunub".

"Azərbaycanda Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə Strategiya hazırlanıb və həmin Strategiyaya BƏT-in ekspertiza dəstəyinin göstərilməsi olduqca əhəmiyyətli olardı. Bununla yanaşı, BƏT-lə əməkdaşlığın qeyri-formal məşğulluğa dair əhali (xüsusilə gənclər arasında) arasında əhatəli sorğuların keçirilməsi və monitorinq sisteminin yaradılması təcrübəsinin formalaşdırılması sahəsini də əhatə etməsi məqsədəuyğun ola bilər", - deyə nazir bildirib.

O, əmək bazarı ehtiyaclarının proqnozlaşdırılması sahəsində rəhbərlik etdiyi qurumun institisional potensialının gücləndirilməsi, əmək statistikasının təkmilləşdirilməsi, əmək haqqı (minimum əmək haqqı) siyasətinin inkişaf etdirilməsi və digər sahələrdə də BƏT-lə əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb və BƏT Baş direktorunu Azərbaycana səfər etməyə dəvət edib.

Q. Rayder Azərbaycanda aparılan uğurlu islahatları və Azərbaycanın BƏT ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu məmnunluqla qeyd edib. Səslənən təklifləri müsbət qarşılayan Q.Rayder gənclərin məşğulluğu və əməyin mühafizəsi və təhlükəsizliyi məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Azərbaycanın bu sahədə gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib və ölkəmizə səfər etmək arzusunu ifadə edib.

Mediainfo.az