Xalid Usman: “Azərbaycanla hərbi sahədə birgə istehsalat müəssisəsi təsis edə bilərik”

Xalid Usman: “Azərbaycanla hərbi sahədə birgə istehsalat müəssisəsi təsis edə bilərik”

5 Fevral 2014 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanın Pakistandan "JF 17 Thunder" hərbi təyyarələrini alması ilə bağlı niyyəti aydındır və biz bunun üzərində müzakirələr apara bilərik".

Bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Xalid Usman Qayser Apa -nın sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu məsələnin ləngiməsinin siyasi, iqtisadi və texniki aspektləri ola bilər: "Düşünürəm ki, bu il Azərbaycanın və Pakistanın müdafiə üzrə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutacaq. Bir neçə sahə var ki, iki tərəf bir araya gəlib müzakirə etməlidir. Burada iqtisadi amil var. Məsələn, layihənin maliyyələşdirilməsi məsələsi ekspertlər tərəfindən müzakirə olunmalıdır. Həmçinin burada texniki aspekt də var. Əgər mən maşın alıramsa, bilməliyəm ki, yaxınlıqda bir mexanik varmı, ya yox. Ümumilikdə deyə bilərəm ki, əməkdaşlığımız və niyyətlərimiz aydındır. Ümid edirəm ki, bu məsələdə uğur qazanacağıq".

Səfir eyni zamanda vurğulayıb ki, Azərbaycanın Pakistanla hərbi sahədə birgə istehsalat müəssisəsini də təsis etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Pakistandan 26 ədəd "JF-17" qırıcıları almaq niyyətindədir.