İşçiləri müqaviləsiz işlədənlər 3 il müddətinə azadlıqdan məhrum edilə bilər

İşçiləri müqaviləsiz işlədənlər 3 il müddətinə azadlıqdan məhrum edilə bilər

4 Fevral 2014 17:22
715
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün Azərbaycanda işəgötürənlərin heç də hamısı əmək müqaviləsi bağlayarkən əmək qanunvericiliyində müəyyən olunmuş tələblərə riayət etmir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev keçirdiyi mətbuat konfransında deyib ki, bəzən işəgötürənlər tələb olunan mütləq göstəriciləri əmək müqaviləsində əks etdirmirlər.

Onun sözlərinə görə, bəzi hallarda əmək müqavilələrinin bir nüsxəsi işçiyə təqdim olunmalı halda bundan yayınırlar: "Nəticədə işçi əmək müqaviləsi üzrə öz hüquqlarından məlumatsız olur, işə götürən isə bundan istifadə edərək müəyyən addımlar atır. Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq nazirlikdə elektron informasiya sistemi fəaliyyətə başladıqdan sonra bütün işçilər öz öhdəliklərini bilmiş olur və işəgötürəndən də bunu tələb etmək imkanına malikdirlər. Əmək Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişiklik edilib. Əvvəllər əmək müqaviləsi bağlamadan şəxsin hər hansı bir işə cəlb olunmasına görə cərimə tətbiq edilirdisə, artıq həmin əmək müqaviləsi ilə bağlı məlumatın elektron informasiya sisteminə daxil edilməməsinə görə cərimənin tətbiq edilməsi nəzərdə tutulub. Eyni zamanda Cinayət Məcəlləsinə də dəyişiklik edilib ki, buna əsasən, işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb olunması ilə bağlı işəgötürənlər 7 min manatdan 10 min manatadək və ya 3 il müddətinə azadlıqdan məhrum ediləcək. Bütövlükdə məqsəd ondan ibarətdir ki, respublikada bütün işəgötürənlər öz işçiləri ilə əmək müqaviləsi bağlamış olsun, müqavilədəki əks olunana öhdəliklər barədə onları məlumatlandırsınlar".