Ötən il dövlət büdcəsinin mədaxili 11.403 milyard manat təşkil edib

Ötən il dövlət büdcəsinin mədaxili 11.403 milyard manat təşkil edib

25 May 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirmişdir ki, ötən il Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirləri 99,1 faiz icra olunub və bu da son illərlə müqayisədə ən yüksək göstəricilərdən biridir.

Komitə sədri 2010-cu ili Azərbaycanın sosial-iqtisadi həyatında çox uğurlu il kimi qiymətləndirmiş və demişdir ki, dövlət büdcəsi əhalinin maddi rifahının yaxşılaşması, investisiya qoyuluşlarının həyata keçirilməsi və makroiqtisadi sabitliyin təmin olunması kimi hədəfləri reallaşdırır, ölkədə davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir.

Ümumiyyətlə isə 2010-cu il icmal büdcəsinin gəlirləri 19 milyard 444 milyon manat və ya 125,8 faiz, xərcləri isə 14 milyard 285 milyon manat və ya 95,5 faiz icra olunmuşdur.

Ötən il dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat və ya 99,1 faiz təşkil etmişdir. Bu, 2009-cu illə müqayisədə 1 milyard 77 milyon manat və ya 10,4 faiz çoxdur. 2010-cu ildə dövlət büdcəsinin xərcləri isə 11 milyard 766 milyon manat və ya 95,9 faiz səviyyəsində icra olunmuşdur ki, bu, 2009-cu illə müqayisədə 1 milyard 262 milyon manat çoxdur.

Müqayisə üçün bildirək ki, ötən il Ermənistan büdcəsinin gəlir hissəsi 1.973 milyard ABŞ dolları (qeyd: təxminən 1.578 milyard manat) təşkil etmişdir. Nəticəni özünüz çıxarın...

Tofiq Əliyev

O.M.