Azərbaycanda illik inflyasiya 9%-ə düşüb

Azərbaycanda illik inflyasiya 9%-ə düşüb

13 May 2011 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin aprel ayında martla müqayisədə Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7% ucuzlaşıb, xidmət tarifləri və qeyri-ərzaq mallarının qiymətləri isə 0,1% bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2010-cu ilin müvafiq dövrünə nisbətən 2011-ci ilin yanvar-aprel aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, xidmət tarifləri isə 3,7% bahalaşıb. Xatırladaq ki, cari ilin I rübü ərzində ölkədə illik inflyasiya 9,1% təşkil edib.

Beynəlxalq Valyuta Fondu 2011-ci il üçün Azərbaycanda inflyasiyanın 10,3%, Asiya İnkişaf Bankı isə 4% olacağını proqnozlaşdırır. Azərbaycan hökumətinin proqnozlarına görə isə, bu il inflyasiyanın 5% olacağı gözlənilir.

Tofiq Əliyev

O.M.