Milli Məclis daha iki neft sazişini təsdiq etdi

Milli Məclis daha iki neft sazişini təsdiq etdi

6 May 2011 15:48
Bəyəndim (0) Bəyənmədim (0)


AzərTAc-ın yaydığı məlumata görə, Milli Məclisin mayın 6-da keçirilmiş iclasında iki neft sazişi təsdiq edilmişdir. Əvvəlcə "Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq-Asiman" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "BP Eksploreyşn" (Azərbaycan) "Limited" və ARDNŞ-in "Ortaq Neft Şirkəti" arasında imzalanmış saziş layihəsi müzakirə olunmuşdur.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov demişdir ki, ötən il oktyabrın 7-də imzalanmış bu sənəddə Azərbaycan dövlətinin mövqeyi və maraqları yüksək səviyyədə qorunur. Sazişə əsasən, tərəflərin hər biri 50 faiz paya malikdirlər. Sənaye hasilatına başlanma gününədək mühəndis-texniki işçilərin 50-70 faizini, fəhlələrin isə 80 faizini, hasilata başlandıqdan 5 il sonra isə müvafiq olaraq 90-95 faizini azərbaycanlılar təşkil edəcəklər. Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "UQE-LANSER PTİ.LTD" və ARDNŞ-in "Ortaq Neft Şirkəti" (ONŞ) arasında imzalanmış "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş layihəsi müzakirə olunmuşdur. Bildirilmişdir ki, sənədə əsasən "ONŞ" 25 faiz, "UQE LANSER PTİ.LTD" 75 faiz paya malik olacaq. Bu layihənin həyata keçirilməsində də azərbaycanlı işçilərin sayı 70-95 faiz arasında olacaqdır. Müzakirələr zamanı çıxış edən deputatlar hər iki sənədin peşəkar formada hazırlandığını vurğulamışlar. Bildirilmişdir ki, hər iki saziş Azərbaycanın zəngin təbii ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Bu, həm də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyasının tərkib hissəsidir. Layihələrin reallaşdırılmasının ölkə iqtisadiyyatının inkişafına təkan verəcəyi də xüsusi qeyd edilmişdir. Müzakirələrdən sonra qanun layihələri səs çoxluğu ilə təsdiq olunmuşdur.


Bizim büdcəmiz təbiətin verdiyi sərvətlərlə dolur. Ermənistan isə hər il keçirdiyi yardım telemarafonuna ümid bəsləyir...

Tofiq Əliyev

O.M.