Sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq

Sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq

27 Aprel 2013 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. "APA-Economics"in Tarif Şurasına istinadən verdiyi məlumata görə, iclasda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə baxılıb, ekspertiza xidmətlərinin tariflərinə dair Tarif Şurasının müvafiq qərarına dəyişikliklər edilib.Belə ki, Bakı şəhərində marşrutların sayının 316-dan 217-dək azaldıldığı, bəzi marşrutlar üzrə məsafənin dəyişdirildiyi və yeni marşrutların açıldığı nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yeni marşrutlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib.Yeni qərarda tarif dəyişikliyi nəzərdə tutulmayıb. Belə ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifləri hazırda olduğu kimi 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların yeni nömrələri məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılıb.Tarif Şurasının qərarı ilə şəhərətrafı marşrutlarda şəhərdaxili, qəsəbədaxili və ya qəsəbələrarası hərəkət edən sərnişinlər üçün tarif 20 qəpik səviyyəsində müəyyən edilib. Qərara əsasən sərnişindaşıma tarifi, marşrutun sxemi və marşrutda dövrün uzunluğu barədə məlumatlar avtobuslarda və dayanacaqlarda sərnişinlərin aydın görə biləcəyi formada yerləşdirilməlidir.
İclasda "Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli Qərarına dəyişikliklər edilib. Belə ki, ixrac olunan xam neftin mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi ilə bağlı göstərilən xidmətlərin dəyəri ixrac olunan məhsulun həcminə görə deyil, hər bir sertifikat üzrə sabit qiymət müəyyənləşdirilib.
Yeni tariflər bu ilin mayın 1-dən qüvvəyə minəcək.Tarif Şurasının iclasında "Azərsu" ASC-nin su təchizatı və tullantı sularının axıdılması xidməti üzrə 31 yanvar 2011-ci il tarixində aparılmış tarif dəyişikliyinin Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə təsiri barədə hesabatı dinlənilib.

O.M.