Gələn aydan etibarən avtobuslara kartlarla ödəniş edəcəyik

Gələn aydan etibarən avtobuslara kartlarla ödəniş edəcəyik

25 Aprel 2013 11:23
Bəyəndim (0) Bəyənmədim (0)
Mayın 20-dən sonra kartların satışına başlanacaq

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda - sərnişin avtobuslarında elektron ödəmə sisteminin tətbiqinə hazırlıqları başa çatdırır. Artıq may ayının sonundan etibarən nəqliyyatda ödəmə kartlarının satışına başlanacaq.Bu barədə "APA-Economics"ə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.Nazir müavininin sözlərinə görə, elektron ödəmələrlə bağlı proqram təminatı və onun prosessinq mərkəzləri ilə əlaqəsi sınaqdan keçirilib: "Təcrübə göstərib ki, sistem işləyir, onun proqram təminatı düzgün formalaşdırılıb".
Qeyd edək ki, avtobuslarda elektron ödəmələrə başlanması ölkə ərazisində mobil ödəmə qurğularının kütləvi tətbiqi ilə bağlı ilk təcrübə olacaq. Sistemin işi bir neçə mühüm istiqamətləri əhatə edir – kartların tətbiqi, onların balansının artırılması, gediş haqlarının ödənilməsi, bölüşdürülməsi və s. Artıq kartların istifadəsi ilə bağlı qaydalar da tam hazırdır.
Nəqliyyatda ödəmə kartı öz xüsusiyyətlərinə görə adi bank kartıdır - onun təhlükəsizlik və informasiya daşıma sistemləri adi kartlarda olduğu kimidir.Nazir müavini qeyd edib ki, nəqliyyatda ödəniş vasitəsi kimi adi plastik kartlardan istifadə etmək mümkün olmayacaq - bunun üçün ayrıca kart buraxılacaq. Amma həmin kartdan gələcəkdə digər nəqliyyat xidmətlərinin dəyərinin ödənilməsində istifadə etmək mümkün olacaq: "Bunu təkcə avtobusla bağlamayacağıq ki, gələcəkdə ondan başqa xidmətlərin də haqqı ödənilsin".
M.Pənahov bildirib ki, nəqliyyat kartından avtomobillərin parkinqi, metro və taksidə, gələcəkdə isə xırda ticarət imkanları üçün də ödəniş vasitəsi kimi istifadə oluna biləcək.Artıq elektron ödəmələr üçün avtobuslarda ödəmə qurğularının quraşdırılmasına başlanılıb. Mayın 20-dən sonra kartların satışına başlanacaq. İlk mərhələdə gediş haqqını kartla ödənilməsi şəhərin mərkəzi hissəsini əhatə edən marşrutlarda mümkün olacaq: "Bu, 1 minə yaxın avtobuslardır. Sonra bu, digər marşrutlarda da tətbiq ediləcək". Oktyabrın əvvəlinədək paytaxtın bütün ictimai nəqliyyatı tamamilə elektron ödəməyə keçəcək.

O.M.