Palçıq vulkanlarından turizmdə istifadə olunacaq

Palçıq vulkanlarından turizmdə istifadə olunacaq

5 May 2011 11:32
Bəyəndim (0) Bəyənmədim (0)


Dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir. Dünyada "Palçıq vulkanlarının diyarı" kimi tanınan Azərbaycanda da təbiətin xalqımıza bəxş etdiyi bu imkandan yetərincə yararlanmaq üçün lazımi işlər görülməkdədir.


Məlum olduğu kimi, 2010-cu ildən başlayaraq internet vasitəsilə "Təbiətin 7 möcüzəsi" mövzusunda Beynəlxalq müsabiqə keçirilir. Müsabiqəyə Azərbaycanın palçıq vulkanları da təqdim olunmuşdur. İnternet səsverməsinə cari ilin payızında yekun vurulması gözlənilir. Sevindirici haldır ki, ölkəmiz hazırda bu yarışmada liderlər sırasındadır. Əgər Azərbaycanın palçıq vulkanları dünyanın 7 təbiət möcüzəsindən biri kimi tanınsa, gələcəkdə ekoturizmin inkişafı baxımından böyük nailiyyət əldə edə biləcəyik.


Yeri gəlmişkən qeyd edək ki, AMEA-nın Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev palçıq vulkanlarından turizm məqsədi ilə istifadə edilməsi üçün "Bələdçi" sorğu kitabı hazırlamışdır. Kitabda 25 vulkan barəsində məlumat verilmişdir. Müəllif həmin ərazilərə turist marşrutlarının açılmasını təklif etmişdir. Bundan əlavə, alim Xəzər-Zirə və Qarasu vulkan adalarından da turizm məqsədi ilə istifadə olunmasını məqsədəuyğun hesab edir.


Ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet məqsədlərindən biri elan edildiyi indiki mərhələdə Azərbaycandakı palçıq vulkanlarını turistlər üçün cəlbedici yerlərə çevirmək olar. Məsələn, turistlər üçün ən çox maraq kəsb edən fəal vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda - Qobustan qəsəbəsindən cənubda, Daşgil ərazisində yerləşir. Qobustana gedən hər bir turist həmin palçıq vulkanını görmək arzusunda olur. Deməli, palçıq vulkanlarının reklamına ehtiyac vardır.


Bir faktı qeyd edək ki, 2007-ci ildə dünyada mövcud olan abidələrin internetdə müsabiqəsi keçirilmişdi. Türkiyədəki Aya-Sofya abidəsi bu müsabiqəyə daxil edilmişdi. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə, bu müsabiqənin nəticəsi olaraq 2007-ci ildə İstanbulu ziyarət edən turistlərin 3 milyonu məhz bu abidəni görməyə gəlmişdi. Şübhəsiz, analoji addım ölkəmizdə də atılsa, xarici turistlər də palçıq vulkanlarımız haqqında internetdən məlumat əldə edib Azərbaycana gəlmək, onları görmək istəyəcəklər.


Alimlərin qənaətinə əsasən, palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti ola bilər. Bu baxımdan palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir. "Turizm ili"ndə bu layihənin reallaşdırılmasına başlanması, söz yox ki, ikiqat əhəmiyyətə malik addım olardı.


Kimi daşdan pul çıxarır, kimi də palçıqdan...

Tofiq Əliyev

O.M.