Mayın 1-dən Azərbaycanda oğurluq telefonlar işləməyəcək

Mayın 1-dən Azərbaycanda oğurluq telefonlar işləməyəcək

9 Aprel 2013 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 1-dən etibarən ölkədə saxta və oğurluq telefonlar işləməyəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaratdığı bazada bütün mobil telefonların imey kodları artıq toplanmağa başlayıb. İlkin mərhələdə ölkəyə idxal edilərkən qeydiyyata salınmış mobil telefonların imey kodları bazaya daxil edilir. Orijinal və qanuni yolla gətirilən mobil telefonlar barədə məlumatlar avtomatik olaraq ağ siyahıda cəmləşir.
Əksinə, rəsmi distribüterlərdən alınmayan, oğurluq və ya qeyri-qanuni yolla gətirilmiş mobil telefonlar isə boz siyahıya salınacaq. Bu proqramın tətbiqi oğurluq və saxta telefonların qarşısını almaq məqsədi daşıyır. Zavodlarda istehsal edilən mobil telefonlardan fərqli olaraq kiçik sexlərdə düzəldilən telefonların keyfiyyətinin aşağı olması ilə yanaşı, onlar həm də sağlamlığa təhlükə yaradır. Oğurluq və saxta telefonlardan sığortalanmaq üçün paytaxt sakinləri də yeni sistemin tətbiqini müsbət qarşılayır.
Bu günə qədər 8 milyon mobil telefon barədə məlumatlar artıq bazada cəmləşib. İmey kodlarının bazaya daxil edilməsi isə bu ayın sonuna qədər davam edəcək. Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, hətta illərdir işlək olmayan mobil telefonlar da boz siyahıya daxil edilir. Bu cür telefonların ölkədə işləmə müddəti isə cəmi 1 ay olacaq. Bu proqramın tətbiqi həm də oğurluq telefonların tez bir zamanda aşkar edilməsinə kömək edəcək.
Oğurlanan telefonun yeri və nömrə taxıldığı halda onun kim tərəfindən istifadə edilməsi daha asan müəyyən ediləcək. Nazirlik bu proqramın tətbiqində bir sıra ölkələrlə əməkdaşlığa da maraq göstərir. Beynəlxalq əməkdaşlıq imkan verəcək ki, saxta və oğurluq telefonların həm idxalı, həm də ixracı kəskin azalsın. Qeyd edək ki, mobil telefonlar barədə informasiyaların toplanması müqabilində vətəndaşlardan heç bir maddi vəsait tələb olunmur.

O.M.