Dövlət Yol Polisi İdarəsində pozuntular aşkar edildi

Dövlət Yol Polisi İdarəsində pozuntular aşkar edildi

3 Aprel 2013 12:21
Bəyəndim (0) Bəyənmədim (0)
Bir sıra nöqsan və çatışmazlıqlar da aşkar edilib

Azərbaycan Respublikası Hesablama Palatası DİN Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edib. Bu barədə Modern.az saytına Milli Məclisdəın məlumat verilib. Bildirilib ki, Hesablama Palatasının 2012-ci ildəki fəaliyyəti haqqında parlamentə təqdim olunan hesabatında Baş Dövlət Yol Polisi İdarəsindəki nöqsanlardan bəhs edilib.
Belə ki, 2012-ci ildə Hesablama Palatası Vergilər Nazirliyi ilə birgə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dövlət rüsumlarının, cərimələrin, digər icbari ödənişlərin, habelə xüsusi vəsaitlər üzrə daxilolmaların qanunvericiliyə uyğun hesablanılması və ödənilməsinin auditini aparıb.
Audit nəticəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının tələblərinə riayət olunması ilə yanaşı, bir sıra nöqsan və çatışmazlıqlar da aşkar edilib. Belə ki, auditlə əhatə olunan dövrdə dövlət rüsumlarının uçotu düzgün təşkil edilməyərək 834606,0 manat məbləğində dövlət rüsumu hesabatlarda əks etdirilməyib, 01 yanvar 2012-ci il tarixə dövlət rüsumları üzrə Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi vərəqəsində hesabatlarda əks etdirilməyən 696486,51 manat artıq ödəmə nəzərə alınmaqla 138119,49 manat məbləğində dövlət rüsumu xüsusi vəsait kimi uçota alınaraq dövlət büdcəsinə ödənilməyib.
Eyni zamanda, bəyannamə təqdim edilmədiyi halda sair vergilər, hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş yol vergiləri daxilolma kimi Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi vərəqəsinə işlənilmiş və nəticədə 01 yanvar 2012-ci il tarixə 675021,61 manat, inzibati cərimələr üzrə isə 172050,0 manat artıq ödəmə yaranmış, qanunvericiliklə vətəndaşlar tərəfindən törədilmiş inzibati xətalara görə nəzərdə tutulmuş cərimələrin ödənilməsi tam təmin edilməmişdir. Qeydiyyatda olan avtonəqliyyat vasitələrinin texniki baxışdan keçməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinin daha da gücləndirilməsinə ehtiyac olduğu müəyyən edilib.
Audit nəticəsində, həmçinin dövlət rüsumlarının uçotunun aparılmasında şəffaflığın daha da artırılmasının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin təsnifatı üzrə kodların təkmilləşdirilməsi, dövlət büdcəsinə əsassız artıq ödəmə məbləğlərinin yaranmasının qarşısının alınması məqsədilə fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri üzrə yol vergisinin hesablanması, bəyan edilməsi və uçotunun aparılmasının qanunvericilik aktları ilə tam şəkildə tənzimlənməsi zərurətinin olduğu aşkarlanıb.
Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilib və həmin qərara əsasən, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə təqdimat, Vergilər Nazirliyinə isə müvafiq məlumat göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə də məlumat təqdim edilib.
Hesablama Palatasının məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin cavab məktublarında audit nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair bir sıra tədbirlərin yerinə yetirildiyi göstərilib.
Belə ki, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş məktuba əsasən büdcəyə ödənilməmiş 138119,49 manat məbləğində vəsaitin (dövlət rüsumunun) dövlət büdcəsinə ödənilməsi təmin olunub, yol hərəkətində qayda pozuntuları üzrə törədilmiş inzibati xətalara görə qanunvericiliklə nəzərdə tutulmuş cərimələrin tam ödənilməsi istiqamətində zəruri tədbirlər görülərək Baş Dövlət Yol Polisi İdarəsi öz növbəsində Mərkəzi Bank tərəfindən imzalanmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişə qoşulub. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində hazırlanmış xüsusi kompüter proqramı vasitəsilə İdarənin ərazi və nizami hissələrinin hər bir əməkdaşı tərəfindən yol hərəkəti qayda pozuntuları ilə bağlı inzibati xəta haqqında tərtib edilmiş protokolların sayı və onların icrasından daxil olan vəsaitlər barədə məlumatların operativ şəkildə əldə olunması təmin edilib.
Vergilər Nazirliyinin cavab məktubunda isə auditin nəticələrinə uyğun olaraq hesabatlarda əks etdirilməmiş 834606,0 manat məbləğində dövlət rüsumunun Baş Dövlət Yol Polisi İdarəsinə hesablanması və dövlət büdcəsinə ödənilməsinin (o cümlədən, 696486,51 manat məbləğinin şəxsi vərəqədə olan artıq ödəmənin əvəzləşdirilməsi hesabına) təmin edilməsi göstərilib.

O.M.