İlham Əliyev, Aysel Teymurzadə və Elnur Məcidli...

İlham Əliyev, Aysel Teymurzadə və Elnur Məcidli...

2 Aprel 2013 11:25
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanda Tvitterdə ən çox izlənilən 10 nəfər

İlk üçlükdə prezident İlham Əliyev, blogger Elnur Məcidli və müğənni Aysel Teymurzadə qərarlaşıb
Azərbaycanda tvitter istifadəçiləri arasında ən çox izləyicisi olan şəxslərin siyahısı müəyyənləşdirilib. Məlumata görə, siyahı Aztwi.com (On Mindən Çox İzləyicisi Olan İstifadəçilərin Analizi) saytının göstəricilərinə əsasən hazırlanıb. Siyahıya əsasən, ilk iki yer prezident İlham Əliyevin Azərbaycan türkcəsində (46224) və ingiliscə (39775) tweet yazan hesablarıdır. Hesab birbaşa prezident tərəfindən deyil, Prezident Aparatı tərəfindən idarə edildiyi ehtimal olunur. Bundan başqa izləyicilər ilə də ünsiyyətə girilmir.
Üçüncü yerdə 36 mindən çox izləyici ilə Elnur Məcidlidir. Belə ki, bloggerin 31 yanvarda 5662 izləyicisi varkən, 1 fevralda izləyici sayı 37677-ə yüksəlib. Bu da saxta yollarla (programlar, fake profillər və s.) izləyici sayının artırıldığını çox açıq şəkildə ortaya qoyur.
Dördüncü yerdə Aysel Teymurzadənin "verified account" statusu almış hesabıdır. Azərbaycan sferasında ilk bu cür hesabdır ki, bu hesabın 28 mindən çox izləyicisi var, amma 1 ilə yaxındır ki, istifadə olunmur. Yəni ən son tweet 9 mart 2012 tarixində yazılıb. Buna rəğmən kiçik templi olsa belə izləyici sayında daimi artım olur.
Beşinci yerdə Tural Taqiyev adlı bir nəfərdir. Twitter hesabına daxil olduqda görürük ki, 500-ə yaxın tweeti var, bunun da böyük əksəriyyəti "Today Stats" tərzi bot tweetlərdi. Və demək olar ki, heç nə yazmayan bir insanı gündə ortalama 500 insan izləyir, əksəriyyəti də əcnəbilər. Bu hesabda da izləyici sayının saxta yollarla artırıldığını deyə bilərik.
Altıncı yerdə aztwi.com saytının öz twitter hesabıdır. Burada Azərbaycan sferasının istifadəçiləri haqda gündəlik məlumatlar paylaşılır, top trendlər, məhşur istifadəçilər, ən çox izlənilən video, ən çox baxılan şəkil, ən çox retweet edilən tweet və s. Saytda və eləcə bu hesabda səmərəli və programlı iş görülür deyə bilərik.
Yeddinci yerdə isə Azercell şirkətinin hesabıdır. Bu hesab həm də verified account`dur. Yəni Twitter tərəfindən Azercellə məxsusluğu təsdiqlənmiş hesabdır. Əsasən mətbuatda Azercell haqqında yazılmış xəbərləri, bayramlarda təbrik və s. yazırlar. Bundan əlavə müştərilər problemləri bildirəndə lazımı yönləndirmələri də edirlər.
Səkkizinci yerdə İlkin Həsənidir Azərbaycan sferasında bəlkə də ən populyar istifadəçidir. Çoxları tərəfindən maraqla izlənir. Fotolar paylaşır, gündəlik həyatında qarşılaşdığı hadisələr haqda yazır. Mantionlara çox vaxt cavab yazmağa çalışır. Bir sözlə Twitter`i qaydalarına görə istifadə edir.
Doqquzuncu yerdə Prezident Administrasiyasının rəsmi hesabıdır. Rəsmi məlumatlar yazır, fərmanları və s. tweetləyir. İlham Əliyev adına olan ilk iki hesab kimi bu hesab da heç bir formada izləyiciləri ilə ünsiyyətə girmir, suallara cavab yazmır.
Onuncu yerdə izə Niyaz Aliyev adlı istifadəçidir. Aztwi.com-un təqdim etdiyi son ay analizinə baxdıqda görürük ki, əksər günlər izləyici sayında azalma olsa da, bir gün təxminən üç min, başqa bir gün isə iki min artım olub. Bu da saxta yollarla müdaxilənin göstəricilərindən biridir. İzləyici siyahısına baxdıqda, çoxunun rus-slav olduğunu görürük. Azərbaycan türkcəsində (böyük əksəriyyəti bu dildədi) tweetləyən bir insanın bu tərz izləyicilərinin olması absurddur.

O.M.