Apreldə Azərbaycan telekanallarının yayımı «Azerspace-1» peykinə keçiriləcək

Apreldə Azərbaycan telekanallarının yayımı «Azerspace-1» peykinə keçiriləcək

27 Fevral 2013 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin aprelində bütün Azərbaycan telekanalların yayımının "Azerspace-1" peyki vasitəsi ilə həyata keçirilməsinə başlanacaq. Məlumata görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazir qeyd edib ki, martın 1-dən peykin idarəetməsi tam olaraq "Azərkosmos" ASC-yə təhvil veriləcək. Qeyd edək ki, fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Hazırda peykin orbitdəki sınaqları davam edir. Peykin idarəsi "Azərkosmos" ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən "Azərkosmos"un mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.

Xatırladaq ki, ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən istehsal olunan "Azerspace-1" peyki "Ariane-5" kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.
Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykinin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın "Measat" peyk operatoruna icarəyə verilib. Ə.Abbasovun sözlərinə görə, may ayından peykin kommersiya fəaliyyətinə başlanacaq.

O.M.