Son 10 ildə Azərbaycanda 7 min km yol işləri görülüb

Son 10 ildə Azərbaycanda 7 min km yol işləri görülüb

22 Fevral 2013 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Son 10 il ərzində Azərbaycanda tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 6 845 km-dən artıq olub. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən verilən məlumata görə, 2003-2012-ci illər ərzində ümumi uzunluğu 19,2 km olan 178-ə yaxın körpü tikilərək istifadəyə verilib. O cümlədən, ümumi gücü saatda 2 120 tondan çox olan 32 asfalt beton zavod istifadəyə verilib. Bu dövrdə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan müxtəlif təyinatlı 2 928 nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb. Qeyd edək ki, 2003-cü ilə kimi olan son 100 il ərzində respublikanın avtomobil yollarında tikilmiş körpülərin ümumi uzunluğu 40,2 km olub.
"Son illər respublika və yerli əhəmiyyətli yollarda da böyük həcmli təmir-tikinti işləri görülüb, hətta uzaq dağ kəndlərinə belə müasir tipli yollar çəkilib. Demək olar ki, ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən yolların rahatlığı üçün konkret tədbirlər həyata keçirilib", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ölkənin ümumi istifadədə olan 18 986 km avtomobil yolunun 17 513 km-nə "Azəryolservis" ASC tərəfindən xidmət göstərilir. Onun 4 366 km-i respublika əhəmiyyətli, 13 147 km-i yerli əhəmiyyətlidir. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1 525 km təşkil edir.

O.M.