Pomidorun qiyməti “ceyran belində”: İstixanalar bağlanıb...

Pomidorun qiyməti “ceyran belində”: İstixanalar bağlanıb...

28 Aprel 2022 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın bölgələrində yaşayan pomidor istixanaları sahibləri çətinliklərlə üzləşdiklərini deyirlər. Pomidor istehsalçılarının sözlərinə görə, məhsulda maya dəyərinin bahalaşması yerli bazarda pomidorun qiymətini qaldırır, üstəlik, Rusiyaya pomidor aparmaq da çətinləşib.

Rəsmi məlumata görə, pomidor Azərbaycanın ən çox ixrac etdiyi qeyri-neft, kənd təsərrüfatı məhsulları arasında ilk sırada durur. BBC News Azərbaycancaya danışan pomidor istixanası işlədənlər deyiblər ki, yanacağın qiymətinin bahalaşmasından sonra Şəmkir, Samux, Gəncə kimi bölgələrdə onlarla istixana fəaliyyətini dayandırıb.

İstixana sahibləri iddia edirlər ki, bu sahə artıq gəlirli olmadığından İpək yolunun (Bakı-Qazax avtomobil yolu nəzərdə tutulur) kənarında onlarla istixana bağlanıb, onlardan bəziləri yerlərini, bəziləri dəmir dayaqları metal kimi satırlar. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin statistikasına görə, 2022-ci ilin aprelində Zirə pomidorunun 8-ci km bazarında aşağı qiyməti 3 manat, yüksək qiyməti isə 3.3 manat arasında olub.

Ötən ilin eyni dövründə ən ucuz pomidor Zirə pomidoru 2.5 manat, ən bahalısı isə 3 manat olub. Rəsmi məlumata görə, bu il Zirə pomidoru 30-50 qəpik bahalaşıb. Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, pomidorun qiymətində bahalaşma təbiidir, yeni məhsulun bazara çıxması ilə qiymət normallaşacaq, istixanaların bağlanması isə "kütləvi hal deyil".

Pomidorun hər il artan istehsal xərci

Şəmkir rayonunu Çaparlı kənd sakini Rəsmiyyə Əsgərova deyir ki, istixanada pomidor becərmək ildən-ilə çətinləşir, çünki hər il istehsal xərcləri artır. O istisna etməyib ki, bu il də pomidorun qiymətinə bahalaşan yanacaq, gübrə, toxum xərcləri əlavə olunacaq. Fermerin sözlərinə görə, indiyə kimi o, ailəsi ilə birgə 10 sot torpaqda iki istixana işlədib və ilə 9-10 ton pomidor satıb.

Rəsmiyə Əsgərova deyir, bu il 10 sotun hamısında məhsul əkmək istəsələr də, bir ay küləkli hava sahələrinin yarısında polietilen örtüyünü sıradan çıxarıb. Ailə buna görə 1200 manat ziyan çəkib. "İndidən qiymətini deyə bilmərik, amma bu il pomidora çəkilən xərc çox artıb. Toxum, gübrə, traktor işləri bahalaşıb. Yeni məhsul 40 günə, bir aya yetişəcək. Qiymətlər isə fərqli olacaq, çünki, ona çəkilən xərc ötən ilki illə müqayisədə artıb", - Rəsmiyə Əsgərova deyib.

İstixana sahibi deyir ki, əsasən pomidorları Rusiya bazarı üçün istahsal edirlər, amma yerli bazara da məhsul verirlər. "Gübrələr xaricdən gəlir, bahalıdır, 2 ildir Rusiyaya pomidor aparan olmayıb, ziyanla işləyirik. Əvvəl Rusiyaya gedən pomidorun yeşiyi 15 manata idisə, qəflətən qiymətlər 3 manata düşdü. Bu halda kilosu 10 qəpiyə düşür, o da sərf etmir. Heç olmasa kiloqramı 60-70 qəpik olsa bizə sərf edər, xərclərimiz çıxar və qazanc da olar",- Rəsmiyə Əsgərova bildirib.

O, orta sahibkarlıq fəaliyyətinə və ya ixraca məhsul verdiyinə görə, hər hansı dəstək görmədiyini deyir. Rəsmiyə Əsgərovanın sözlərinə görə, daha əvvəllər bankdan kredit alıb işlərinə sərf ediblər, amma bu, güzəştli yox, adi istehlak krediti olub. "İstixana işi pul tələb edir. Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində döyüşən oğlum da çalışdı istixana qura, amma sərmayəsi olmadığından istəyinə çata bilmədi".

"Mazut bahalaşandan istixana gəlirli olmadı"

Samux rayonu ərazisində altı ildir istixana işlətmiş Elnur Bayramov artıq öz biznesini satmağa çalışır. O deyir ki, daha istixanadan gəlir əldə edə bilmir, iki il pandemiya müddətini də ziyan etməmək üçün işləməyib.

Elnur Bayramov deyir: "İki ildir pomidor əkə bilmirəm, çünki soba mazutu 20 qəpikdən əvvəl 24, sonra isə 74 qəpiyə kimi bahalaşdı. Ondan sonra pomidor əkini sərfəli olmadı, çünki çəkdiyim xərci pomidoru yerli bazarda satmağım ödəmədi. İndiki halda gərək pomidorun kilosunu yerində 4-5 manata satasan ki, nəsə qazana biləsən".

İstixanasını əvvəllər mazutu yandırmaqla isidən Elnur qaz çəkdirməyi düşünüb, amma ona bunun üçün yüksək məbləğ lazım olduğunu deyiblər. O deyir ki, bu pulu xərcləsə, gəlir əldə edəcəyinə ümidi yoxdur, çünki son illər pomidoru Rusiya bazarına göndərmək də "əməlli-başlı problem olub".

"Əvvəl alverçilər yanvarda gəlirdi, məhsul çıxmamışdan beh verirdilər. İndi gəlmirlər, gömrüklə bağlı problemləri var deyirlər. Rusiya üçün həm alverçilər gəlib alırdı, həm də özün istəsən, apara bilirdin. İndi bu, çətinləşib", - Elnur Bayramov deyib.

Elnur Bayramov danışır ki, Şəmkir tərəfdə istixanasını mazutla qızdıran sahibkarların böyük əksəriyyəti dəmir dirəkləri söküb metal toplama məntəqəsinə satıblar. Onun fikrincə, yerli bazarda pomidoru bahalaşdıran səbəbin biri də onu əkənlərin azalmasıdır.

"Yerli bazara ikinci növ pomidor verilir"

Bakının Zirə qəsəbəsində yerləşən istixanalardan birinin istehsalat müdiri Xəqani Məhərrəmov BBC News Azərbaycancaya deyib ki, iri istixanalar ancaq ixrac üçün pomidor yetişdirirlər və onların da böyük əksəriyyəti qazla isinir, problemi yoxdur. Onun sözlərinə görə, Bakı ətrafındakı istixanalar, əsasən, ixrac üçün pomidor yetişdirirlər, yerli bazara da mal verirlər, amma çox az.

Cənab Məhərrəmov izah edib ki, istixanalar yerli bazara ikinci növ məhsul verirlər və idarənin yerli bazara nə qədər az məhsul verməsi "onun uğurunun" göstəricisidir. "Hər bir istixana həftəlik yığımından bir-iki ton yerli bazara mal verirsə, mən 200-300 kiloqram verə bilirəm. Daxili bazar üçün yaxşı deyil, amma ixrac üçün yaxşıdır", - Xəqani Məhərrəmov deyib.

Onun firkincə, Azərbaycan bazarında pomidorun baha olmasının bir neçə səbəbi var. Xəqani Məhərrəmovun sözlərinə görə, hazırda təbii olaraq, qıtlıq dövrüdür, yeni məhsul hələ təzəcə yetişir və böyük istixanalar ixraca yönəlib. "Məsələn, bir şirkət 200 TIR mal göndərirsə, hərəsi 17,5 tondursa və bu həcmdə mal xarici yox, daxili bazara keçərsə, düşünün ki, ölkədə nə qədər pomidor olar. Pomidor çox olduqca da, qiymətlər, təbii, enir. Amma ixracatın gücü artdıqca, əngəl olmadıqca, hər kəs xaricə göndərir və daxildə qıtlıq yaranır".

Buna baxmayaraq, Xəqani Məmmədov hesab edir ki, hazırda daxili bazarda pomidorla bağlı problem yoxdur. Bəzi istixanaların bağlanmasının da pomidor qiymətlərinə təsirsiz ötüşmədiyini deyən Xəqaniyə görə, bu amil onların yükünü artırır. "İxracatçı az olanda, bizə daha çox yük düşür. Daxili bazara mal verilməyəndə, yerli qiymətlər qalxaraq Rusiya bazarı ilə eyniləşir. Rusiyada pomidor yoxdur, alırlar 3 manata ,bizdə isə alırlar 2.5 manata".

O deyib ki, Rusiyaya pomidor ixracı ilə bağlı hazırda bir problem olmasa da, Ukrayna müharibəsinə görə, satdıqlarının pulunu almaqda çətinlik çəkirlər. "Mal tələb edirlər, müqavilə əsasında mal göndəririk. Bizim alternativimiz yoxdur. Alternativ bazarlar da Rusiya ilə eyni qiymətədir, amma məsafə daha çoxdur deyə elə ənənəvi bazar daha sərfəlidir", - Xəqani Məmmədov deyib.

"Kütləvi hal deyil"

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Şəmkir ərazisində Çaparlı kəndində bağlanan istixanalar əhalinin həyətyanı sahələrində olan kiçik istixanalar olub. "Bu, kütləvi hal deyil və Şəmkir üzrə baxsaq, bu, çox azdır. Həm də fermerlər öz həyətyanı sahələrində bizneslərinin profilini dəyişdirə bilərlər", -Nazirlikdən bildirilib.

Qurumun ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, nazirlik pay torpaqlarında qurulan istixanalara, sənədi olanlara, məhsulunu bəyan edənlərə qapalı və açıq şəraitdə yetişdirməsindən asılı olmayaraq, pomidorun hektarına görə 280 manat subsidiya ödəyir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, hazırda Azərbaycanın ixraca göndərilən "Pink Paradise" adlı pomidorun bir kiloqram üçün qiyməti 5 manat 10 qəpikdir. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə Azərbaycan bu il daha çox pomidor ixrac edib. Bu ilin yanvar-fevralında Azərbaycan pomidor ixracından 24.5 milyon ABŞ dolları əldə edib, halbuki 2021-ci ildə eyni dövrdə bu rəqəm 14.2 milyon dollar olub.