Azərbaycanda kişilərə 14 gün ödənişli atalıq məzuniyyəti veriləcək

Azərbaycanda kişilərə 14 gün ödənişli atalıq məzuniyyəti veriləcək

27 Yanvar 13:51
112
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsi hazırlanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, layihədə bir çox təkliflər, eləcə də əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər əksini tapır.

Bu təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməsini, yəni, hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur.

Məcəlləyə dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bu mərhələdən sonra layihə aidiyyəti üzrə təqdim ediləcək.

Qeyd edək ki, hazırda Əmək Məcəlləsinə (125-ci maddə) əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

- normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

- doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

- iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).