Nazirlik 5 min manata kater satdı... - Bakıda auksion

Nazirlik 5 min manata kater satdı... - Bakıda auksion

11 Yanvar 2022 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 13 dövlət əmlakı hərraca çıxarıldı.

Təşkil olunan hərracda Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 1 kater, 11 nəqliyyat vasitəsi satışa çıxarılmışdı. Satışa çıxarılan dövlət əmlaklarına ümumillikdə 39 nəfər namizəd var idi.

Oxuməni.az xəbər verir ki, hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Mərdəkan qəsəbəsində yerləşən “Gilavar” kafesi oldu. Sahəsi 324.8 km2 olan müəssisənin özəlləşdirilən torpaq sahəsi 882 km2-dir. İlkin satış qiyməti 166 300 manat olan müəssisə auksiyonda rəqabətsiz olaraq satış qiymətinə satıldı. Müəssisəni alan xanım geniş məlumat verməsə də, sərmayə məqsədli aldığını bildirdi.

Auksiyonda satılan maraqlı daşınan əmlak isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti nə məxsus “Elsevər Hüseynov” köməkçi kateri oldu. 1986-cı il buraxılışlı kater rəqabətsiz olaraq 5 000 manata satıldı.

İlkin görüntülərində yararsız təsiri bağışlayan kateri satın alan Aqşin Qədirov onu təmir edəcəyini bildirdi: “Mingəçevirdə yaşayıram. Şəxsi biznesim var. Kateri təmir edib, istirahət məqsədli istifadə edəcəm”.

Alıcı Tərxan Quliyev isə hərracdan ən çox qazanan şəxs oldu. Auksiona çıxarılmış 11 avtomobildən 3-nü alan iştirakçı onları sərmayə məqsədli aldığını bildirdi.

Qeyd edək ki, hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.

Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər. Teleqraf.com