Bakı da qazanacaq, Tehran da: amma təxribata hazır olaq

Bakı da qazanacaq, Tehran da: amma təxribata hazır olaq

2 Dekabr 2021 10:38
108
Bəyəndim (0) Bəyənmədim (0)

Hələ 90-ci illərdən Türkmənistan qazının Azərbaycana, sonra isə boru kəmərləri ilə Avropaya nəql edilməsi ciddi müzakirə mövzusu idi, "Nabukko" layihəsi zamanından bu məsələ gündəmdə idi. Rusiya Xəzərin dibi ilə "Transxəzər" boru kəmərinin çəkilməsinə ciddi maneə yaradırdı. Xəzərin statusu ilə bağlı sənədə əlavə olaraq "ekoloji protokolun" imzalanması "Transxəzərin" reallaşdırılması məsələsini ciddi sual altına qoydu.

Oxuməni.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli Türkmənistan qazının İran vasitəsilə Azərbaycana verilməsi və Avropaya çıxarılması haqda anlaşmanı şərh edərkən bildirib.

O qeyd edib ki, Türkmənistanda baş tutan görüşdə bu məsələnin həlli yolu tapıldı:

“Türkmənistan öz sərhəddində İrana qaz verəcək, İran o qazla sərhəddə yerləşən yaşayış məntəqələrini qazlaşdıracaq, əvəzində artıq mövcud olan İran-Azərbaycan qaz boru kəməri vasitəsi ilə bizə eyni həcmdə qaz ötürəcək, Azərbaycan isə həmin qazı TANAP və TAP vasitəsi ilə Avropaya çatdıracaq. Çox vacib anlaşmadı, İran bu razılaşmaya həm də ona görə imza atdı ki, Vyanada İranın nüvə məsələsi ilə yeni danışıqlar başlayıb - rəsmi Tehran sanksiyalardan qurtulmağa çalışır, AB-yə isə daha çox qaz lazımdı ki, Moskvanın təsirlərini azaltsın”.

Ekspert bir daha vurğulayıb ki, bu, olduqca vacib anlaşmadı, bundan Türkmənistan, Azərbaycan, İran, həm də Avropa qazanacaq.

N.Cəfərliyə görə bu cür anlaşmalar Kremlin xoşuna gəlməyəcək:

“Provokasiyalara hazır olmalıyıq, amma yavaş-yavaş da Moskva ilə danışıqlar üçün əlavə alətlər əldə etməliyik, bunlardan biri qaz məsələsi olacaqsa, digəri də Türkiyənin ölkəmizdə hərbi-təlim mərkəzlərinin yaradılması qərarı ola bilər”.

Qeyd edək ki, müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.