Bakıya gələn 500 investor - onlar Qarabağda yatırım edəcəkmi...

Bakıya gələn 500 investor - onlar Qarabağda yatırım edəcəkmi...

18 Noyabr 2021 11:43
111
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum - IBF) işə başlayıb. Tədbirdə 30-a yaxın ölkədən yüksək vəzifəli dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri iştirak edir.

Oxuməni.az xəbər verir ki, forum çərçivəsində Azərbaycana investisiya qoyuluşuna və dövlət-özəl sektor tərəfdaşlığına dair panellər, ikitərəfli görüşlər, sərgi və digər tədbirlər təşkil olunacaq.

Forumun Azərbaycanda keçirilməsi iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

Forumda Azərbaycanın biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və İBF-nin təşkilatçılığı, Azərbaycan İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi ilə keçirilir.

Bəs görəsən, həqiqətən də forum Azərbaycana, xüsusən də Qarabağa investor cəlb etmək baxımından effektiv olacaqmı?

Mövzu ilə bağlı fikirlərini bildirən iqtisadçı alim, deputat Vüqar Bayramov vurğuladı ki, Bakıda təşkil edilən biznes forumu həm Azərbaycanın, həm də bütövlükdə türkdilli ölkələrin, daha geniş miqyasda regionun potensialının təqdim edilməsi baxımından vacibdir: “Tədbirdə 500-dən artıq iş adamı iştirak edir. Tədbirin açılış mərasimində da qeyd olunduğu kimic buc əlaqələrin genişləndirilməsi baxımından yeni bir imkandır. Bu həm də Azərbaycanın iş adamları üçün yeni əməkdaşlıq imkanlarıdır. Foruma qatılan xarici və xüsusən də türk əsilli iş adamları işğaldan azad olunmuş ərazilərimizə investisiya qoyuluşunda maraqlıdırlar. Onlar bu istiqamətdə müzakirələri davam etdirirlər. Ona görə də Qarabağa və Şərqi Zəngəzura sərmayə cəlb edilməsi baxımından vacib tədbirlərdən biridir. Xüsusən də bərpa və yenidənqurmadan sonra növbəti mərhələdə daha çox sərmayə cəlb edilməsinə ehtiyac olacaq. Türkiyə şirkətləri, Azərbaycanın haqq işinə dəstək olan ölkəni təmsil edən şirkətlər, sahibkarlar prosesdə daha aktiv şəkildə iştirak etməklə öz maraqlarını nümayiş etdirirlər. Forum imkan verəcək ki, daha çox sərmayə cəlb edilməsinə nail olmaq mümkün olsun”.

UNEC-in professoru Elşad Məmmədov isə vurğuladı ki, Bakı Biznes Forumuna 500-dən çox qonağın gəlməsi, hələ bu qədər investorun Azərbaycana gələcəyi demək deyil: “Çünki investisiyanın yatırılması ilə danışıqlar, toplantılar, forumlar arasında böyük fərq var. Forumları çox keçirmək olar. Amma bu, heç də investisiyanın artımı anlamına gəlmir. Avtomatik olaraq Azərbaycanda daxili investisiya resursları kifayət qədərdir. Xarici investorlar bizim üçün ölkəyə texnologiyaların idxalı baxımından önəm kəsb edirlər. Düşünürəm ki, bu tip forumlarda biz ölkəyə texnologiyaların idxal edilməsi nöqteyi-nəzərdən müsbət nəticələrə nail olmalıyıq. Bu cür forumların keçirilməsi ilk növbədə Azərbaycanın, xüsusilə işğaldan azad olunan ərazilərin perspektivlərinin nümayiş etdirilməsi ilə bağlı önəmlidir. Düşünürəm ki, xarici qonaqların bu toplantılarda iştirakı ölkəmizə qabaqcıl texnologiyaların cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir”.

Professor vurğuladı ki, eyni zamanda biz daxili investisiya institutunun inkişaf etdirilməsinə nail olmalıyıq: “İnvestisiyaların ümumdaxili məhsula nisbətini xeyli dərəcədə artırmalıyıq. Çünki əks halda investisiya institutu ölkədə məhz daxili investisiyaların artımı və xaricdən texnologiyaların gətirilməsi hesabına reallaşmazsa, o zaman heç bir forum ölkə iqtisadiyyatı üçün önəm kəsb edə bilməz. Ona görə də bu tip tədbirlərin, forumların həyata keçirilməsi lazımdır. Amma ilk növbədə biz ölkədə daxili investisiya resurslarının inkişaf etdirilməsinə nail olmalıyıq və eyni zamanda ölkəmizə qabaqcıl xarici texnologiyaların idxal edilməsində müsbət nəticələrə imza atmalıyıq”.Yeni Müsavat