Mənzillərə istilik 15 noyabrdan tez verilə bilərmi? - “Azəristiliktəchizat” rəsmi müraciət gözləyir...

Mənzillərə istilik 15 noyabrdan tez verilə bilərmi? - “Azəristiliktəchizat” rəsmi müraciət gözləyir...

26 Oktyabr 2021 21:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə ərazisində havaların soyuması mənzillərin, sosial binaların istiliklə təmin olunması məsələsini gündəmə gətirib. Artıq bir neçə həftədir ki, soyuq havalara görə, insanlar öz mənzillərində qaz və elektrik qızdırıcılardan istifadə etməyə başlayıb. “Azəristiliktəchizat”ın istilklə təmin etdii binalar isə həmişə olduğu kimi noyabrın 15-dən mövsümə start verməlidir.

Bəs görəsən, soyuq havalarda Bakı və bölgələrdə istiliyin verilməsi bir qədər əvvələ çəkilə bilərmi?

Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Redaktor.az-a bildirib ki, istilik təchizatına dair münasibətlər “Azəristiliktəchizat” ASC ilə istilik istehlakçıları arasında bağlanan müqavilə ilə tənzimlənir:

"Hələlik “Azəristiliktəchizat”a mövsümün vaxtından qabaq başlaması ilə bağlı heç bir müraciət olmayıb. Kəskin soyuqlar olarsa və bununla bağlı müraciətlər edilərsə, məsələyə yenidən baxıla bilər. İndiki halda istilik təchizatının vaxtından əvvəl başlamasına ehtiyac olduğunu düşünmürəm”.

Rafiq Əliyev bildirib ki, 2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb:

"İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 01 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması nəzərdə tutulur. Mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur".