Azərbaycanda bahalaşmanın yeni dalğası başlanıb: Səbəb qaz və işığın qiymətinin artmasıdır

Azərbaycanda bahalaşmanın yeni dalğası başlanıb: Səbəb qaz və işığın qiymətinin artmasıdır

18 Oktyabr 09:29
155
Bəyəndim (0) Bəyənmədim (0)

Yerli istehlak bazarı devalvasiyadan sonra ilk dəfədir ki, həddindən artıq “qaynama” əlamətləri göstərir. Ən gərgin vəziyyət ərzaq qiymətlərindədir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, uzun illərdir ki, Azərbaycanda ərzaq məhsulları noyabr-dekabr aylarında həmişə artır ki, bu da Yeni İl bayramı öncəsi tələbatın artması ilə əlaqədardır. Gözləmək lazımdır ki, qarşıdakı ayda bayram öncəsi inflyasiya qiymət artımının bütün digər şərtlərinə əlavə olunacaq.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhinə görə, bu dövrdə meyvə-tərəvəz mövsümü başa çatır ki, bu da qiymətlərə təsir edir: “Ənənəvi olaraq bir sıra məhsulların bahalaşması prosesi mart ayına qədər davam edəcək. Başqa sözlə, bizim üçün adi qiymət artımı idxal edilən inflyasiya ilə üst-üstə düşəcək. Son 10-15 ili analiz etsək, praktiki olaraq eyni qrafiki, eyni dinamikanı görürük. Aprel-may aylarında yerli məhsulların bazarlarda payı artdıqca qiymətlər də müəyyən qədər sabitləşəcək”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da ilin sonunda qiymətlərin yenə qalxacağı düşüncəsindədir: “Yeni il səbəti bahalaşmağa başlayacaq. Ancaq meyvə və tərəvəzdən fərqli olaraq, qalan ərzaq çeşidin qiymətinin aşağı düşəcəyi ehtimalı yoxdur”.

Müstəqil iqtisadçıların müşahidələrinə görə, ən çox şəkər, günəbaxan yağı və yumurta bahalaşıb. İqtisadçı ekspert Neymət Əliyevin AYNA-ya dediyinə görə, ötən ilin avqust ayında hər litri orta hesabla 2 manat 90 qəpiyə satılan günəbaxan yağı bu ilin avqust ayında 4 manat 20 qəpiyə qədər bahalaşıb: “Yağ orta hesabla 1 manat 30 qəpik və ya 45% bahalaşıb. İdxal olunan günəbaxan yağı 42%, yerli yağ 51% bahalaşıb. Yerli istehsal olunan qarğıdalı yağının qiyməti 36,5% artıb. Avqust ayında yerkökü 40%-dən çox, soğan təxminən 29%, şəkər tozu orta hesabla 31,5%, badımcan 21,3%, pomidor 21%-dən çox, kəsmik 22% bahalaşıb”.

Ötən ilin avqust ayında xiyarın kiloqramı 53 qəpiyə, bu ilin avqust ayında isə 96 qəpiyə satılırdı. Yerli ağ kələmin kiloqramı ötən ilin sonunda 45 qəpikdən indi 79 qəpiyə qalxıb. Çuğundur ötən ilin avqustunda 72 qəpiyə qarşı indi 1.18 manata satılıb. Yaşıl lobya kiloqramının qiyməti 1,08 manatdan 1,69 manata yüksəlib. Hətta duz təxminən 15% bahalaşıb.

Əliyev inflyasiyanın arzuolunmaz bir proses olduğunu qeyd edib: “Gündən-günə həyat keyfiyyətini aşağı salır və bu, nəzərə alınmalıdır. Eyni zamanda, əhalinin gəlirlərinin artımı qiymətlərlə eyni tempdə deyil. Sentyabr-oktyabr aylarında orta aylıq əmək haqqı 1,8%, adambaşına düşən gəlir isə 0,7% artıb. İnflyasiya maaşlar, pensiyalar və sosial müavinətlərdəki qazancları yeyir. Dünyanın ən bahalı şəhərlərində gəlir və qiymət artımları arasında o qədər də nəzərəçarpan fərq yoxdur. Bizdə isə mövcud qiymət artımı nəticəsində ciddi bir uçurum görürük və buna görə də hökumət vəziyyəti nəzərə almalıdır. Qiymətlərin qalxmasını dayandırmaq mümkün olmayacaq və buna görə də yeganə çıxış yolu maaş və müavinətləri artırmaq, yeni iş yerləri açmaqdır”.