Kirayə evlərin qapıları tələbələrin üzünə bağlıdır - Səbəblər

Kirayə evlərin qapıları tələbələrin üzünə bağlıdır - Səbəblər

23 Sentyabr 17:23
166
Bəyəndim (0) Bəyənmədim (0)

Bir ildən çoxdur ki, Azərbaycanın ali təhsil ocaqlarında dərslərin əyani qaydada tədrisi dayandırılmışdı. Tələbələr yenidən auditoriyalara qayıdırlar. Sentyabrın 29-dan etibarən ali və orta ixtisas təhsili məssisələrində əyani tədris bərpa edilir.

Oxuməni.az xəbər verir ki, ali məktəblərdə tədrisin əyani şəkildə başlaması Bakının kirayə ev bazarına ciddi təsir göstərib. Rayonlardan gələn tələbə qız və oğlanlar ev axtarışına çıxırlar. Amma icarəyə verilən evlərin qiymətinin artması ilə yanaşı, oğlanlara kirayə mənzillərin verilməməsi əsas probelm kimi qarşıda dayanır. Kirayə mənzil sahiblərinin əksəriyyəti qızlara və ailəlilərə üstünlük verirlər.

Maraqlıdır, oğlan tələbələrə kirayə ev niyə vermək istəmirlər?

Ev tapa bilməyən tələbələr nə etməlidirlər?

Daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev Yenisabah.az-a açıqlamasında deyib ki, tələbə oğlanlar evi daha çox istismar edirlər:

“Problem bu günün deyil. Əvvəlki illərdə də tələbə oğlanlar ev tapmaqda çətinliklər çəkiblər. Bu onunla əlaqədardır ki, bəzi tələbə oğlanlara verilən evlərdə problemlər olur. Ev sahibləri tələbə oğlanlara ev verəndə evin baxımsız qaldığını, iki nəfərə kirayə verilən mənzildən 5-6 nəfərin olduğunu söyləyirlər. Digər bir səbəb isə evdə siqaret çəkilməsidir.

Bu il pandemiya ilə əlaqədar olaraq kirayə mənzil bazarında ciddi problemlər yarandı. Hətta tələbə qızlar belə ev tapa bilmirdilər”.

Ekspertin sözlərinə görə, tələbənin evi yoxdursa, təhsil müəssisəsi onu qalacaq yerlə təmin etməlidir:

“Xanımlar işi öz aralarında bölürlər. Biri yuyur, digəri isə təmizləyir. Oğlanlarda bu kimi tənbəlliklər olanda ev baxımsız olur.

Əvvəllər tələbə yataqxanaları var idi. Yataqxana olanda təbii ki, bu cür problemlər yaşanmırdı. Tələbənin əgər evi yoxdursa, təhsil müəssisəsi onu yaşaya biləcəyi yerlə təmin etməlidir. Hazırda yataqxanalar yaşayış üçün yararsızdır. Bu gün onları tələbələrin istifadəsinə vermək olmaz. Onların yerində standartlara uyğun yeni yataqxanalar tikilib, kirayə verilsə, bu cür problemlər aradan qalxar”.

E.Fərzəliyev tələbə oğlanlara normal bazar qiymətində kirayə ev verilmədiyini qeyd edib:

“Bu səbəbdən oğlanlar gedib, baha ev götürmək məcburiyyətində qalırlar. Normal bazar qiymətində ev onlara verilmir. Bu problemlər illərdir yaşanır.

Tələbə Azərbaycanın gələcək ziyalısıdır. Vaxt gələcək onlar bizi idarə edəcəklər. Biz onlara dəyər verməliyik. Bölgələrdən gələn tələbələr evlə təmin edilməlidir. Və yaxud da onun kirayə puluna dəstək olunmalıdır. Bu kirayə bazarına da stabillik gətirər”.