3 milyon qiymət qoyuldu, 1 milyona satıldı - Özəlləşdirilən dövlət zavodunun yeni sahibi kimdir?

3 milyon qiymət qoyuldu, 1 milyona satıldı - Özəlləşdirilən dövlət zavodunun yeni sahibi kimdir?

5 Sentyabr 2021 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

“BNQMAZ” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Oxuməni.az “AzPolitika.info”-ya istinadən xəbər verir ki, bununla bağlı rəsmi məlumatda deyilir: “Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 iyun 2021-ci il tarixində Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin nizamnamə kapitalının 97,7 faizini təşkil edən 1 465388 səhminin satışı üzrə investisiya müsabiqəsi elan edilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən potensial iddiaçılar qarşısında qoyulan maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyənləşdirilib. 28 iyul 2021-ci il tarixində Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılıb. Müsabiqə Komissiyasının üzvləri arasında açıq səsvermə yolu ilə “BNQMAZ” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək. Qalib investor ümumi həcmi 2,57 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna olan, eləcə də əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürür...”

Göründüyü kimi, “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC demək olar ki, eyni adlı QSC-yə cəmi 1 milyon manata satılıb. Eyni adlı QSC-yə verilməsi onu güman etməyə əsas verir ki, müəssisə hansısa kənar investora deyil, onun indiki faktiki sahibinə, yaxud sahiblərinə satılıb. Maraqlıdır ki, müəssisəni alan “BNQMAZ” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı açıq mənbələrdə hər hansı məlumat tapmaq olmur. Yalnız “BNQMAZ” adlı internet səhifəsi var ki, o da hazırda işləmir.

Digər yandan həmin müəssisə satışa çıxarılanda ona 1 milyon deyil, 3 milyon manat qiymət qoyulmuşdu. İnvestisiya müsabiqəsi elan edilməsilə bağlı iyun ayında yayımlanan rəsmi məlumatda deyilirdi: “Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 2 930 776 manat, səhmlərin sayı 1 465 388-dir. Müəssisənin 823 436 manat dəyərində öhdəlikləri və 62 971 manatlıq debitor borcları var.

Bu müəssisələrin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2 500 000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması ilə bağlı təkliflərini verməlidir...”

Göründüyü kimi, müəssisənin satış dəyəri 2 930 776 manat, yəni demək olar 3 milyon manat müəyyənləşdirilib. Lakin son məlumatda onun cəmi 1 milyon manata satıldığı bildirilir.

Görəsən, nominal qiymətlə satış qiyməti arasındakı bu qədər böyük fərq hansı tələbdən irəli gəlib və nəylə bağlıdır? Kifayət qədər böyük ərazisi, tikililəri, avadanlıqları və s. olan bir müəssisənin səhmlərinin nominal dəyərindən 3 dəfə ucuz satılması istər-istəməz bu sövdələşmənin dövlətin, büdcənin maraqlarına nə dərəcədə uyğun olmasına dair suallar yaradır...